20:48 31-08-2021
news_image
361
FUTBOL

"90 dəqiqə bacarmırlarsa, 5 əvəzetmə haqqımız var" - Canni de Byazi

“Sabah 3-cü matçımıza çıxacağıq. Çox vacib oyundur”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

O, Lüksemburqla oyundan əvvəl təşkil olunan mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Hazırda xalımız yoxdur. Sabah bu vəziyyəti dəyişməyə çalışacağıq. İlk 2 görüşdə qrupumuzun ən güclü komandaları Serbiya və Portuqaliyaya qarşı oynadıq. Lüksemburqla matçda əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun göstərə biləcəyik”.

O, start heyətində ən yaxşı formada olan futbolçulara yer verəcəyini qeyd edib: “Az bir müddətdə 3 vacib qarşılaşmamız var. Əsas odur ki, sabah yaxşı başlayaq. Bunun üçün ilk növbədə istəkli olmalıyıq. Düşünürəm ki, bunun üzərində çox işləmişik. Komandamız günü-gündən inkişaf etmək istəyir. Təşkilatçılıq baxımından da inkişaf edirik. Lüksemburqu uzun müddətdir eyni məşqçi çalışdırır. Ölkə xaricində oynayan çoxlu futbolçuları var”. 

Baş məşqçi hücum xəttində kimə güvənəcəyi ilə bağlı sualdan isə yayınıb: “Mahir Emreli, yaxud digəri ilə bağlı nəsə deyə bilməyəcəm. Bir az səbirli olaq, sabah axşamı gözləyək. Sabah meydanda yaxşı bir komanda görmək istəyirəm. İlk dəqiqədən istəyirəm ki, hər bir futbolçumuz meydanda maksimum gücünü qoysun. 90 dəqiqə bacarmırlarsa, 5 əvəzetmə haqqımız var. Bir gündə hər şeyi dəyişmək olmaz. Yavaş-yavaş buna doğru gedirik və daha çox inanmağa başlayırıq. Çox istərdim ki, komanda sabah xarakter baxımından bunu meydanda göstərsin”. 

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin IV turunun sabahkı matçında Azərbaycan səfərdə Lüksemburqla qarşılaşacaq.