17:12 02-09-2021
news_image

2 boksçumuz yarımfinalda - I MDB Oyunlarında

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında boks üzrə yarışlara start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb.

1/4 final mərhələsindən mübarizəyə qoşulan təmsilçilərimizdən 2-si rinqdən qalib ayrılıb.

Tağı Nəsibov Oyunlara qələbə ilə başlayıb. 48 kq çəkidə döyüşən boksçu ilk sınağında Vadim Veçerski (Belarus) ilə üz-üzə gəlib və 4:1 (29:28, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanıb. Nəsibov yarımfinalda özbəkistanlı Javohir Kuysinovla qarşılaşacaq.

İbrahim Zeynalovun (50 kq) da debütü uğurlu alınıb. O, Muinxon Mavlonovu (Tacikistan) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinala gedən yolda rusiyalı Artyom Nazarovla döyüşəcək.

Onlardan fərqli, Ramal Yolçuyev (46 kq) Temirxan Daniyarova (Qırğızıstan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanova (Özbəkistan), Ziya Həsənov (66 kq) Vladislav Kuznetsova (Belarus) məğlub olaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, növbəti 2 gündə yarımfinal döyüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final görüşləri baş tutacaq.