12:09 03-09-2021
news_image
370
FUTBOL

Premyer Liqanı necə “fırlatdılar” – Ronaldonun “7”yə qovuşmasının detalları

İngiltərənin “Mançester Yunayted” klubunun yeni transferi Kriştiano Ronaldonun 7 nömrəli formada çıxış etmək hüququna necə yiyələnməsinin detalları bəlli olub.

Apasport.az saytının məlumatına görə, komandada bu nömrə altında çıxış edən Edinson Kavani ilk gündən “CR7” kimi brendə çevrilən portuqaliyalıya güzəştə getməyə hazır olub.

Amma Premyer Liqanın qaydaları Ronaldonun sevimli nömrəsi altında çıxış etməyə imkan verməyib. Məsələ ondadır ki, İngiltərə Premyer Liqasında mövsümün gedişində futbolçu nömrəsini dəyişə bilməz.

Bu qayda Kavaniyə “7”ni Ronaldoya bağışlamasını mümkünsüz edirdi. Çünki uruqvaylı cari mövsümün baş tutan oyunlarında “Mançester Yunayted”də meydana çıxıb.

Qaydalarda istisna hal kimi klubdan gedən futbolçunun nömrəsinin istənilən oyunçuya keçməsi də yer alıb. İlk baxışdan Kriştianonun 7 nömrə ilə oynaması üçün Kavani satılmalı idi.

Amma mançesterlilər qaydadakı bu istisnadan başqa yolla yararlanıb. Klub rəhbərliyi gənc vinger Daniel Ceymsi “Lids”ə sataraq çıxış yolu tapıb.

O, Edinsonun Uruqvay millisində oynadığı 21 nömrə altında çıxış edirdi. Ceymsin bu rəqəmin boşaltmasından sonra cənubi amerikalı 7-ni 21-ə dəyişmək hüququ qazanıb. Avtomatik olaraq Ronaldonun nömrəsi də yeni sahibi üçün boş qalıb.

Hətta portuqaliyalının özü də hadisələrin belə uğurla nəticələnəcəyinə inanmadığını gizlətməyib: “Yenidən 7 nömrə altında çıxış edə biləcəyimə əmin deyildim. Ediyə belə ağlasığmaz jest üçün təşəkkür edirəm”.

Yeri gəlmişkən, Kavani Ronaldonun 2009-cu ildə “Mançester Yunayted”dən “Real”a gedişindən sonra “7”ni daşıyan ən uğurlu oyunçudur. Arxada qalan 12 ildə Kriştianonun nömrəsini Maykl Ouen, Anxel di Mariya, Memfis Depay, Antonio Valensiya və Aleksis Sançes daşısa da, onlar hamısı birlikdə cəmi 14 qol vurub. Uruqvaylı bir mövsümdə 17 dəfə fərqlənib. Bir müddət əvvəl komandaya yeni transfer olunan Ceydon Sançonin xahişini geri çevirib 7 nömrəni ona verməyən Kavani gənc komanda yoldaşına güzəştə getmədiyini Ronaldoya qarşı edib.

Kriştiano hələ “Mançester Yunayted”ə gəldiyi vaxtdan bu nömrə altında oynayıb. Bunu baş məşqçi Aleks Ferqyuson istəyib. O, Corc Best, Erik Kantona və Devid Bekhemin daşıdığı formaya gəncin layiq olduğunu düşünüb və ehtimalında yanılmayıb.

Hərçənd, sonradan Ronaldo bir mövsüm başqa nömrə ilə oynamalı olub. 2009-cu ildə “Real”a keçən portuqaliyalı Raula məxsus formanı bir mövsüm gözləyib.