16:29 03-09-2021
news_image
200
FUTBOL

15-ci sınaq, 3-cü qələbə arzusunda – Canni de Byazi ilə

Sabah Azərbaycan millisi növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparan yığmamız V turda İrlandiya ilə üz-üzə gələcək.

Dublindəki “Aviva” stadionunda təşkil olunacaq qarşılaşma komandamızın tarixində 271-ci sınaq olacaq. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 270 matça çıxıb. 

Hesabında 51 qələbə və 73 heç-heçə olan yığma 146 dəfə uduzub. Əvvəlki 270 qarşılaşmada 200 qol vuran futbolçularımız 447 top buraxıb.

Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 15-ci sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 14 matçda komandanın hesabında cəmi 2 qələbə var. 4 heç-heçəsi olan milli oyunların yarıdan çoxunda - 8 məğlubiyyət alıb. Futbolçularımız bu görüşlərdə 8 dəfə fərqlənibsə, rəqiblər 15 qola sevinib.

De Byazinin rəhbərliyi altında keçirilən 9 rəsmi xarakterli görüşdə 1 qələbə, 3 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb. 4 qol vuran yığma 9 top buraxıb. Millimiz italiyalı ilə 10-cu rəsmi sınağa çıxacaq.

İrlandiya ilə qarşılaşma rəsmi turnirlərdə 142-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 141 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb və 30 heç-heçə edib. Milli indiyədək 95 dəfə uduzub. Rəqib qapılarına 81 qol vuran futbolçularımız indiyədək 284 top buraxıb. 

DÇ-lərdə 62-ci oyuna çıxacaq komandamızın 7 qələbəsi var. 14 heç-heçə edən milli 40 dəfə uduzub. Əvvəlki 61 seçmə oyunda 31 qola sevinən futbolçularımız 109 top buraxıb.

Dublin sınağı millinin tarixində 138-ci səfər matçıdır. Rəqib meydanlarında 16 qələbə və 28 heç-heçəsi olan komandamız 93 dəfə uduzub. Bu görüşlərdə 81 qola sevinən futbolçularımız 292 top buraxıb.

Qeyd edək ki, İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.