18:18 03-09-2021
news_image
229
FUTBOL

Avropada ən çox pul xərcləyən 10 klub - transfer pəncərəsində

Yay transfer pəncərəsində ən çox pul xərcləyən 10 Avropa klubunun siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya İngiltərə Premyer Liqasının klubları başçılıq edir.

Bir neçə gün əvvəl Avropada transfer pəncərəsi bağlanıb. Avropa klublarından hansının yeni oyunçulara nə qədər xərclədiyi bəlli olub. Bəzi klubların burada yer alması təəccüb doğurur.

“Vest Hem” (İngiltərə)
Xərclər:
74,50 milyon avro
Londonlular gözlənilmədən Rusiya Premyer Liqasına boylandılar. Onlar transfer pəncərəsinin son günlərində Nikola Vlaşiç və Aleks Kralı heyətinə qatdı. MOİK-dən olan xorvat “Vest Hem”ə 30 milyon avroya başa gəlibsə, “Spartak”ın çexiyalı yarımmüdafiəçisi isə mövsümün sonunadək icarəyə götürülüb. Londonlular 35 milyon avroya “Çelsi”dən Kurt Zumanı transfer edərək təkcə yarımmüdafiə deyil, müdafiəni də gücləndirib. “Vest Hem” İngiltərə Premyer Liqasında yeni mövsümə kifayət qədər uğurlu başlayıb. Komanda 3 oyunda 7 xal toplayıb.

“Renn” (Fransa)
Xərclər:
79,50 milyon avro
Fransa klubu transfer pəncərəsində öz vunderkindi Eduar Kamavinqani Madrid “Real”ına 31 milyon avroya satıb. “Renn”in özü isə “Lans”dan mərkəz müdafiəçisi Loik Bade ilə güclənib, “Monpelye”nin ötən mövsümdəki ən yaxşı bombardiri Qaetan Labordu heyətinə qatıb və Danimarka “Norşelland”ından 19 yaşlı istedadlı qanalı Kamaldin Sulemanla müqavilə imzalayıb. Bu heyətlə fransalılar Konfrans Liqasının qrupundan çıxmaq uğrunda “Tottenhem”ə yaxşı rəqib ola bilər.

PSJ (Fransa)
Xərclər:
83 milyon avro
Fransa vitse-çempionu dahiyanə transfer pəncərəsi yaşadı. Onlar azad agent kimi Leo Messi, Serxio Ramos, Canluici Donnarumma və Jorjinyo Veynaldumla müqavilə imzaladılar. PSJ yalnız “İnter”dən Əşrəf Hakimi (60 milyon avro) və “Porto”dan Danilo Pereyra (16 milyon avro) üçün xərcə düşdü. Parislilər daha 7 milyon avronu Portuqaliya “Sportinq”inin 19 yaşlı müdafiəçisi Nunu Mendeşin icarəsinə xərclədilər. İndi onlar tamamilə komplektləşiblər və Çempionlar Liqasında qələbə üçün növbəti dəfə can atırlar.

“Roma” (İtaliya)
Xərclər:
97,75 milyon avro
Joze Mourinyonun “Roma”ya gəlişi çoxları üçün gözlənilməz oldu. Əla heyət yığan portuqaliyalı “Rostov”un sabiq futbolçusu Eldor Şomuradovu heyətinə qatıb. Edin Dzekonun əvəzinə komandaya “Çelsi”dən Temmi Abraham gəlib. Ona görə 40 milyon avro ödənilib. Mourinyo əsas qapıçı təcrübəli Rui Patrisionu heyətə dəvət edib. Nəticədə “Roma” mövsümə iki qələbə ilə başlayıb.

“Aston Villa” (İngiltərə)
Xərclər:
99,82 milyon avro
Yay transfer pəncərəsində təxminən 100 milyon avro xərcləyən birminhemlilər bu vəsaiti Cek Qrilişin “Mançester Siti”yə satışından əldə edib. Bahalı ingiltərəlinin yerinə Emiliano Buendiya “Norviç”dən, Leon Beyli “Bayer”dən alınıb. Hücum xətti Danni İnqzlə gücləndirilib. 10 il sonra 36 yaşlı Eşli Yanq kluba qayıdıb.

“Leypsiq” (Almaniya)
Xərclər:
107,62 milyon avro
Yulian Naqelsmanın “Bavariya”ya gedişindən sonra baş məşqçi postuna gətirilən amerikalı Cessi Marş hücum xəttini 23 milyon avroya alınan Andre Silva ilə gücləndirib. Müdafiəçi Yoşko Qvardiol Zaqreb “Dinamo”sundan gəlib. “Mançester Siti”yə məxsus Anxelinyonun keçidi də həll olunub.

“Çelsi” (İngiltərə)
Xərclər:
120 milyon avro
Londonlular cəmi 2 oyunçuya xərc çəkib. Səhvini qəbul edən “Çelsi” Romelu Lukakunu qaytarıb. Ona görə “İnter”ə 115 milyon avro ödənilib. Madrid “Atletiko”sundan 5 milyon Saul Niqes icarəyə götürülüb. Azad agent kimi “Fulhem”in qapıçısı Markus Bettinelli də komandaya qoşulub. Tomas Tuxelin komandası mövsümə iki qələbə və “Liverpul”la heç-heçə ilə başlayıb.

“Mançester Siti” (İngiltərə)
Xərclər:
127,5 milyon avro
“Siti” Qriliş üçün “Aston Villa”ya 117,5 milyon avro ödəyib. Çoxları komandanı hələ də bu keçidə görə tənqid edir ki, oyunçu bu pula dəyməz. Hərçənd çoxları klubun bu yay Leo Messi və ya Kriştiano Ronaldonu transfer edəcəyini gözləyirdi. Amma klub rəhbərliyi sonda üstünlüyü Qrilişə verdi.

“Mançester Yunayted” (İngiltərə)
Xərclər:
140 milyon avro
“Mançester Yunayted” isə vaxtında aktivləşdi və Ronaldo ilə müqavilə imzalandı. Onun Mançesterə qayıdışı 12 ildən sonra rəsmiləşdi. “Qırmızı şeytanlar” ondan başqa Rafael Varanı 40 milyon avroya aldı. Dortmund “Borussiya”sına Ceydon Sanço üçün 85 milyon avro ödənildi. Heyətini keyfiyyətli şəkildə komplektləşdirən “Mançester Yunayted” bu mövsüm Premyer Liqada titul üçün mübarizə aparacaq.

“Arsenal” (İngiltərə)
Xərclər:
165,60 milyon avro
Yay transfer pəncərəsinin ən səxavətli klubu London “Arsenal”ı olub. “Topçular” 58 milyon avroya “Brayton”dan müdafiəçi Ben Uaytı alıb, “Real”dan Martin Edeqoru heyətinə qatıb və “Şeffild Yunayted”in qapıçısı Aaron Ramsdeyli 30 milyon avroya transfer edib. Mikel Artetanın yetirmələri mövsümə üç məğlubiyyətlə başlayıb. Komanda 1974-cü ildən sonra ilk dəfə startdakı üç turun yekununda sonuncu pillədə qərarlaşıb.