20:40 03-09-2021
news_image
527
FUTBOL

“Elə bil sənə bir yumruq vururlar, sən də qaytarmaq istəyirsən” - Canni de Byazi

“Biz ağır bir oyundan sonra bura gəlmişik. Lüksemburqla görüşün ikinci hissəsində keyfiyyətli oyun göstərə bildik. Fikirləşirəm ki, birinci və ikinci 45 dəqiqə arasında böyük fərq oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

O, İrlandiya ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Lazımı nəticə ilə evə qayıtmaq istəyiriksə, sabah birinci saniyədən son saniyəyədək mübarizə aparmaq vacibdir. Qrupumuzda bütün rəqiblər reytinq baxımından bizdən öndədir. Bu, bizim üçün bir bəhanə olmamalıdır. Çalışmalı və maksimum gücümüzü meydanda qoymalıyıq ki, evə yaxşı nəticə ilə qayıdaq”.

Baş məşqçi start heyətilə bağlı böyük ölçüdə qərarını verdiyini də deyib: “Lüksemburqla ikinci hissədə çıxış edən futbolçuların çoxu oynayacaq. İlk növbədə onların fiziki durumuna və nə dərəcədə bərpa olunduqlarına baxmalıyıq. Bu 3 oyun bizim üçün asan deyil”. 

İtaliyalı mütəxəssis məğlubiyyətdən sonra futbolçularını növbəti oyuna necə kökləməsindən də danışıb: “Bu hər bir insanın başına gələ bilər. Hər bir məğlubiyyətdən sonra insanın ürəyində revanş hissi qalır. Elə bil sənə bir yumruq vururlar, sən də qaytarmaq istəyirsən. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanın bayrağını zirvələrə qaldıraq”.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin V turunun sabahkı matçında Azərbaycan səfərdə İrlandiya ilə qarşılaşacaq.