16:29 04-09-2021
news_image

5 boksçumuzdan bürünc medal – I MDB Oyunlarında

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında boks yarışları davam edir. 

Apasport.az saytının məlumatına görə, turnirin üçüncü günündə Azərbaycan millisinin 2 oğlan idmançısı rinqə çıxıb.

İlk sınağında Vadim Veçerskiyə (Belarus) qalib gələn Tağı Nəsibov (48 kq) yarımfinalda özbəkistanlı Javohir Kuysinovla qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb. 

Muinxon Mavlonovu (Tacikistan) mübarizədən kənarlaşdıran İbrahim Zeynalov (50 kq) isə finala gedən yolda rusiyalı Artyom Nazarovla döyüşüb. Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib. 

Beləliklə, yarışa 8 idmançı ilə yollanan yeniyetmələrdən ibarət boks komandamız Oyunları 5 bürünc medalla başa vurub. Nəsibov və Zeynalovla yanaşı, bir gün öncə yarımfinalda uduzan Aysu İsmayılova (48 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) da 3-cü yerlə layiq görülüblər.

Qeyd edək ki, aktivindəki mükafatların sayını 11-ə (3-1-7) yüksəldən millimiz medal siyahısında ikinci yerdə qərarlaşıb. İlk sırada qərarlaşan Rusiya 13 (5-2-6), üçüncü olan Belarus 5 (2-1-2) medala sahibdir.