18:45 05-09-2021
news_image
372
FUTBOL

Futbol ideoloqları məğlub psixologiyanı millətə sırıyıb düşmənçiliklə məşğul olurlar

Azarkeşlər, ümumilikdə ictimaiyyət hər mərhələdə baş verən 1-2 heç-heçəni, hətta təsadüfi qələbələri qəbul etmir, layiq olduqları ciddi nəticələri istəyirlər, tələb edirlər. Nağıllar aləmi keçmir artıq. Qalib xalqın qalib ruhu belə də olmalıdır!

Futbol böyük qüvvədir, ölkələrdə, bütün dünyada inanılmaz təsir qüvvəsinə malikdir. 

Futbol istənilən xalqın əhvalına müsbət və ya mənfi təsir etmək gücündədir. Milyardlarla insanı öz ətrafında birləşdirməyi bacaran fenomenal bir oyundur!

Azərbaycan futbolunun istedad potensialı aşağı deyil. Hər zaman olub, bu gün də var. Dünənki matçda azərbaycanlı futbolçuların fərdi oyununu, bacarığını, mübarizliyini diqqətsiz qoymadıq. Bu, mənəvi tərəfdir...

Futbol emosional oyun olsa da, böyük futbol çılğın yanaşmadan daha çox dərin təhlillərə söykənir/söykənməlidir. Emosiyalar, çılğınlıq tribunaları möhtəşəm edən, xoş aura yaradan keyfiyyətdir. Futbolda möhtəşəmliyi təmin edən düşünən beyinlər, cavabdehlik daşıyan şəxslər olur/olmalıdır.

Futbolda elə bir durum yaradılıb ki, hətta heç-heçə belə bumeranq rolunu oynayır. Dünən Lüksemburqun legioner futbolçuları qeyd edilirdi, biabırçı məğlubiyyətə bəraət qazandırılmağa çalışılırdı, bu gün irland futbolçuların İngiltərədə çıxış etmələri "unudulur"...

Əzilmiş, siyasi-iqtisadi çökmüş, məğlub edilmiş düşmən, futbolda, Almaniyanın da yer aldığı qrupda liderlik edir, maraqlılar isə de Byazi qarışıq reytinqdən dəm vururlar. Qalib Azərbaycan futbolda çökdürülür, futbol ideoloqları məğlub psixologiyanı millətə sırıyıb düşmənçiliklə məşğul olurlar.

Yaradılan şəraitlə, ayrılan vəsaitlə Azərbaycan futbolu çoxdan finallar üzü görməli idi. Ozobiçlərə möhtac edilən futbolda kağız üzərində 200 min futbolçu qeydiyyata alınıb, "yetişdirilib". Bir-iki aydan sonra, oktyabr-noyabr aylarında da Region Liqasına start verib bölgə futbolunun "inkişafından" danışılacaq.

Futbol ictimaiyyəti, fanat-azarkeşlər artıq kütləvi olaraq futbol idarəçilərinə inanmırlar. Yalan ideologiya üzərində qurulan məkrli piramida son zirvə nöqtəsinə yetişib. Dağıdıcı piramidanın dağılmaq zamanı çoxdan yetişib!

Tahir Süleymanov