09:14 06-09-2021
news_image
164
FUTBOL

Braziliya – Argentina matçının təxirə salınmasının TƏFƏRRÜATLARI

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə keçirilən Braziliya – Argentina oyunu hakimin start fitindən bir neçə dəqiqə sonra dayandırılaraq təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb kimi 4 argentinalı futbolçunun Braziliyanın pandemiya protokolunu pozması göstərilib.

Braziliya hökuməti Emiliano Martines, Emiliano Buendia, Kristian Romero və Covanni Lo Selsonun qanun pozuntusuna yol verərək sərhəd keçməsindən şübhələnərək, onları deportasiya etməyə cəhd göstərsə də, buna etiraz edən argentinalılar matçı davam etdirməkdən imtina ediblər. Braziliya qanunlarına görə, İngiltərədən gələn şəxslər ölkəyə girdiyi zaman 10 gün karantində qalmalıdır. Braziliya hökuməti argentinalıların qanunu pozduğu qənaətinə gəlsə də, yerli polis onları istintaqa cəlb etməyib.

FİFA görüşün təxirə salındığını açıqladıqdan sonra Argentina millisi Braziliyanı tərk edib. Komandanı aparan təyyarə vətənə qayıdıb. Argentinalılar bu gündən sentyabrın 10-da Boliviya ilə keçiriləcək ev matçına hazırlaşacaq.