19:02 06-09-2021
news_image
323
FUTBOL

"Fernando Santuş mənim sayəmdə Portuqaliya yığmasına gəlib" - Canni de Byazi

“Maksim Medvedev və Anton Krivotsyuk sabah məlum səbəblərdən oynaya bilməyəcək".                                

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

Yığmamız DÇ-2022-nin seçmə mərhələsinin VI turunda sabah Portuqaliyanı qəbul edəcək.

Matçın oynanılacağı Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirən italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Heyətimizdə bəzi problemlər var. Ancaq təxminən İrlandiya ilə görüşdəki oyunçulara şans verəcəyik. Heyətdə 1-2 dəyişiklik olacaq. Rəqib güclü olsa da, ümid sonda ölür. Ümidə yox, faktlara fikir verməliyik. İrlandiya bizdən reytinqdə çox yuxarıda olan komandadır".

- Lüksemburqla görüşdə meydana buraxdığınız heyət çox tənqid olundu. Ancaq İrlandiya ilə matçda komanda optimal heyətlə çıxış etdi. Bu dəyişikliyin səbəbi nə idi?
- Bu sualın cavabı çox asandır. Ötən ayın 25-dən bir qrup oyunçularla məşq edirdik. Avropadakı oyunmular ayın 28-də, Türkiyə, Polşa və Ukraynadakı futbolçular isə 30-da kollektivə qoşuldu. Bu səbəbdən qərara aldıq ki, həmin oyunçuları ikinci hissəyə saxlayaq. Təbii ki, ilk yarıda standartlarımızdan aşağı oynadıq. Ancaq ikinci hissədəki mübarizə ilə ən azı heç-heçə edə bilərdik.

- Hamıya bəllidir ki, qrupda əsas rəqiblərimiz Lüksemburq və İrlandiya idi. Onlara qarşı ilk iki oyunda 1 xal almaq sizi sevindirir, yoxsa məyus edir?
- Bundan razı qalmaq olmaz. Əsas sual o olmalıdır ki, biz hansı qrupdayıq? Reytinqdə 5-ci komandayıq. Amma biz sona qədər vuruşacağıq. Bir müsahibəm çıxıb, o, düzgün yazılmayıb. Demişəm ki, Portuqaliya Serbiya 1-ci yer, biz, İrlandiya və Lüksemburq isə 3-cü yer uğrunda yarışacağıq. Ağır pandemiya şəraiti yarandı. Ancaq bu, bəhanə olmamalıdır. Mən olsam da, olmasam da, AFFA ilə birlikdə gələcək üçün yaxşı layihə hazırlaya bilərik.

- Kriştianu Ronaldo sabah iştirak etməyəcək. Bu barədə nə deyə bilərsiniz?
- Ronaldo böyük oyunçudur. Amma Portuqaliyanın heyətində böyük adlar var. "Mançester Yunayted", "Liverpul", "Mançester Siti", PSJ, "Lion", "Porto", "Roma", "Borussiya Dortmund", "Benfika" və başqa klublarda oynayan futbolçuları var. Oyunçu baxımından problemləri yoxdur. Bir şeyi də qeyd edim. Fernando Santuş hələ də mənim hədiyyəmi verməyib. Çünki mənim sayəmdə o posta gəlib. Biz Albaniya yığması ilə Portuqaliyanı məğlub edəndən sonra o, baş məşqçi postuna keçdi. Bu bir zarafatdır. Ümid edirəm ki, sabah biz yenə qalib gələcəyik. Ondan sonra qrupda birinci yeri tuta bilərlər.

- Bir müddət əvvəl millidə şans verilməyən Emin Mahmudovun çıxışını necə dəyərləndirirsiniz? Onu yığmanın lideri saymaq olar?
- Bir il əvvəl Emini yaxşı tanımırdım. Ancaq videolarına baxmışdım. Aramızda bir az anlaşılmazlıq var idi. İlk növbədə insani keyfiyyətlərə fikir verirəm. Bir gün onunla nəsə içməyə çağırdım. Təbii ki, alkoqol yox. Söhbət zamanı o, məni təəccübləndirdi, ondan sonra bizim vacib oyunçulardan oldu. Ürəklə, qorxmadan oynayır. İstərdim ki, bütün komanda üzvləri ondan nümunə götürsünlər. Sabahkı matçla bağlı da pozitivik.

- İrlandiya ilə oyunda qapınıza vurulan qol zamanı topun yan xətdən çıxdığını demişdiniz. Bununla bağlı hansısa şikayətiniz oldumu?
- Xeyr, heç kimlə əlaqə saxlamadıq. Hamımız narahatıq. Qələbəni son dəqiqələrdə əldən verdik. Motivasiya baxımından bu qələbə bizə kömək edə bilərdi. Sabah iki əsas oyunçumuz iştirak etməyəcək. Vaxtımız çox azdır. 7-ci gündə 3-cü oyunumuzu keçirəcəyik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bir vacib məqamı da qeyd edim. İrlandiya ilə görüşdə bir epizoda baxın. Rüstəm Əhmədzadə zədə aldı, yeriyə bilmirdi, bir ayağı demək olar yox idi. Meydanın mərkəzində o vəziyyətdə sürüşmə fəndindən yararlandı. Nə vaxt ki, 23 futbolçumuzun hamısı o cür mübariz olacaq, daha az məğlub olacağıq.