16:13 06-09-2021
news_image
152
DİGƏR NÖVLƏR

TOPAZ-ı cərimələdi - Mərkəzi Bank

Azərbaycanın idman mərc oyunları sektorunda “Caspian Tech” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Mərkəzi Bank tərəfindən cərimələnib.

Apasport.az xəbər verir ki, bu barədə banker.az-a məlumat daxil olub.

Pərakəndə ticarətlə məşğul olan “Caspian Tech” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 6 sentyabr 2021-ci il tarixdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkətlər nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

“Caspian Tech” QSC 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

Qeyd olunmalıdır ki, “Caspian Tech” QSC-nin adı 19 Mart 2019-cu il tarixinə qədər “Azərinteltek” QSC olmuşdur.