09:55 07-09-2021
news_image
202
FUTBOL

“Özümü dəyərli hiss etmirdim” – “Neftçi”nin yeni transferi

“Düşünürəm ki, legioner həyatı yaşamaq üçün doğru yaşdayam”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin portuqaliyalı müdafiəçisi Uqo Basto ölkəsində “Abola” nəşrinə açıqlamasında deyib.

Yay fasiləsində “Eştoril”dən “Neftçi”yə keçən 28 yaşlı müdafiəçi xaricə çıxmaq üçün bu addımı atdığını söyləyib: “Portuqaliyada hər şey eyni idi, özümü dəyərli hiss etmirdim və yeni üfüqlər açmağı seçdim. Bu mənada ilk addımlarımı atıram. Bura gələn kimi, Çempionlar Liqasının təsnifat mərhələsində “Olimpiakos”la qarşılaşdıq. Geri qayıdanda koronavirusa yoluxdum. Yaxşı vaxt keçirdim, amma evdə qalmaq və məşq etməmək darıxdırıcı idi. Sağaldıqdan sonra kollektivə qoşuldum, debüt etdim”.

Basto Bakı barədə də xoş fikirlər səsləndirib: “Bakı nəhəng şəhərdir. İlk təəssüratlarım yaxşıdır. Aydın görürsən ki, şəhər böyüyür, köhnə ilə müasir tikilinin qarışığıdır. Bir az Dubaya oxşayır”.

Futbolçu DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasının bu gün Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi oyun barədə də fikirlərini bölüşüb: “Nisbətən əlçatan komandalara qarşı bəzən daha sərbəst oluruq. İrlandiya ilə oyunda xoşbəxtlikdən nəhəng (Ronaldo) ortaya çıxdı. İndi Ronaldo da olmayacaq. Asan oyun olmur, Azərbaycana qarşı da olmayacaq. Unutmayın ki, Portuqaliya yığması Turində Azərbaycanı yalnız 1:0 hesabı ilə məğlub edə bildi. Üstəlik, avtoqolla. Nəzəri cəhətdən nisbətən asan oyun ola bilər. İrlandiya ilə son oyun göstərdi ki, narahatlıq yaşamamaq üçün diqqətli olmaq lazımdır. Hər zamankı kimi, komandamız əlindən gələni etsə, qələbəyə yaxın olacaq”.