13:34 07-09-2021
news_image
121
FUTBOL

75-ci heç-heçə arzusunda – Portuqaliya önündə

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparan yığmamız VI turda Portuqaliya ilə üz-üzə gələcək.

Bakı Olimpiya stadionunda təşkil olunacaq qarşılaşma komandamızın tarixində 272-ci sınaq olacaq. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 271 matça çıxıb. 

Hesabında 51 qələbə və 74 heç-heçə olan yığma 146 dəfə uduzub. Millimiz güclü rəqiblə heç-heçə etsə, yubiley sülhünü rəsmiləşdirəcək.

Əvvəlki 271 qarşılaşmada 201 qol vuran futbolçularımız 448 top buraxıb. Rəqib iki qol vursa, buraxılan topların sayı 450-yə çatacaq.

Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 16-cı sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 15 matçda komandanın hesabında cəmi 2 qələbə var. 5 heç-heçəsi olan milli oyunların yarıdan çoxunda – 8 məğlubiyyət alıb. 

Futbolçularımız bu görüşlərdə 9 dəfə fərqlənibsə, rəqiblər 16 qola sevinib. Komandamız de Byazini 10-cu dəfə qola sevindirməyə çalışacaq.

Onun rəhbərliyi altında keçirilən 10 rəsmi xarakterli görüşdə 1 qələbə, 4 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb. 5 qol vuran yığma iki qat artığını - 10 top buraxıb. 

Portuqaliya ilə qarşılaşma rəsmi turnirlərdə 143-cü matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 142 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb və 31 heç-heçə edib. Milli indiyədək 95 dəfə uduzub. Rəqib qapılarına 82 qol vuran futbolçularımız indiyədək 285 top buraxıb. 

DÇ-lərdə 63-cü oyuna çıxacaq komandamızın 7 qələbəsi var. 15 heç-heçə edən milli 40 dəfə uduzub. Əvvəlki 62 seçmə oyunda 32 qola sevinən futbolçularımız 110 top buraxıb.

Qeyd edək ki, Azərbaycan – Portuqalya matçı saat 20:00-da başlayacaq.