13:12 08-09-2021
news_image
184
FUTBOL

"Şərh verməkdə çətinlik çəkirəm" - Obradoviç biabırçı məğlubiyyət haqda

“Bizim üçün uğursuz gün oldu. Oyuna itkilərlə çıxmaq məcburiyyətində qaldıq”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

AVRO-2023-ün seçmə mərhələsində Avstriyaya 0:6 hesablı məğlubiyyətlə bağlı AFFA-nın rəsmi saytına danışan serbiyalı mütəxəssis itkilərin çoxluğunu qabardıb: “Rauf Hüseynli fiziki cəhətdən hazır olmadığı üçün heyətə salmadım. Həmçinin Mert Çelik də məşqdə zədələndiyi üçün ilk hissənin əvvəlində əvəzləməyə məcbur olduq. Bundan başqa, Rüfət Əhmədovu da səfərə gətirməmişdik. Nəticədə, üç yeni oyunçu ilə meydana çıxmağa məcbur olduq”.

Obradoviç uşaq səhvlərindən qollar buraxdıqlarını da etiraf edib: “Rəqibin ilk üç qoluna şərh verməkdə çətinlik çəkirəm. Çünki uşaq səhvləri ilə Avstriya millisinin fərqlənməsinə şərait yaratdıq. Belə demək mümkünsə, həm Xorvatiya, həm də Avstriya millisi kiçik səhvlərimizə görə bizi cəzalandırdılar. İkinci hissədə pressinq etdik, topa nəzarət bərabər olsa da, futbolçuların sona qədər mübarizə aparmaq gücləri qalmadı. Nəticədə rəqibə daha üç qol hədiyyə etdik”.

Çalışdırıcı biabırçı məğlubiyyətə şərh gətirərkən futbolçuların bacarıqlarını ortaya qoyduğunu söyləyib: “Buna baxmayaraq, uşaqlara inanıram. Onlar bacardıqlarını etdilər. Bu iki qarşılaşmadakı məğlubiyyətlər futbolçuları ruhdan salmamalıdır”.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ilk iki oyunda 8 qol buraxıb. Aktivinə xal yazdırmayan Obradoviçin komandası qrup sonuncusudur.