23:34 08-09-2021
news_image
136
FUTBOL

Avstriya kabusu - yığmamıza

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi baş məşqçisi Milan Obradoviçin rəhbərliyi altında seçmə mərhələlərdə 10-cu məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, bu “yubiley” serbiyalı mütəxəssisin 12-ci rəsmi sınağında gerçəkləşib.

AVRO-2023-ün Avstriyadakı səfər matçında qeydə alınan 10-cu məğlubiyyət antirekordla da əlamətdar olub. Obradoviç indiki postunda ən ağır yenilgisini alıb.

0:6 hesabı onun rəhbərliyi altındakı ən böyük darmadağındır. Bunadək ən amansız rəqib 5 cavabsız qol vuran Fransa olub. Bu görüş 2019-cu il oktyabrın 10-da baş tutub.

Ümumilikdə isə yığmamız tarixində 5-ci dəfə 6 və ya daha çox top fərqilə uduzub. Bunlardan ikisi 7, üçü 6 top fərqi ilə alınan məğlubiyyətdir.

Komanda sonuncu dəfə 2017-ci il noyabrın 9-da Almaniya ilə Bakıdakı qarşılaşmasında belə üzülüb. Həmin vaxt Bundestim 7 qol vurub.

Avstriya isə millimizə iki fiasko yaşadan yeganə komanda kimi kabusa çevrilib. 6 il əvvəl bu rəqib yığmamızı 7:0 hesabı ilə udan ilk komanda kimi tarixə düşmüşdüsə, bu dəfə 6 top vurub.

U-21-in 6 və ya daha çox top fərqilə uduzduğu seçmə oyunlar
10.10.2003. İtaliya – Azərbaycan – 6:0
01.09.2011. İngiltərə - Azərbaycan – 6:0
09.10.2015. Avstriya – Azərbaycan – 7:0
09.11.2017. Azərbaycan – Almaniya – 0:7
07.09.2021. Avstriya – Azərbaycan – 6:0