10:26 09-09-2021
news_image
256
FUTBOL

San-Marino millimizə şərik çıxdı – Avropanın birinciləri

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində qrup oyunlarının VI turu başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günü daha bir komandanın Qətər-2022 xəyalının ölməsi ilə nəticələnib.

Albaniyada 0:5 hesabı ilə uduzan San-Marino yığması DÇ-2022-yə yüksəlmək üçün nəzəri şanslarını da itirib. “Cırtdanlar” mundial xəyalına indidən vida edən ikinci komandadır.

Qətərə yollanmağa namizəd olan 55 Avropa ölkəsi sırasını tərk edən ilk yığma isə Azərbaycan olmuşdu. Millimiz “Köhnə qitə”də ilkə imza ataraq xəyalı puç olan ilk komanda adını San-Marinodan bir gün öncə qazanıb.

Digər 53 yığma isə hələ də Qətər-2022-yə nəzəri şanslarını saxlayıb. Onlardan 10-u 1-ci yerin sahibi kimi birbaşa final mərhələsinə çıxmaq imkanlarını itirib.

İrlandiya, Gürcüstan, Litva, Belarus, Estoniya, Farer adaları, Moldova, Cəbəllütariq, Andorra və Lixtenşteyn möcüzə sayəsində 2-ci yerə ümid edə bilər. Onlar üçün pley-off xəyalların maksimumu sayılır.