16:01 09-09-2021
news_image
1178
FUTBOL

“İstənilən təklifi qəbul etməyə hazıram” – Cavid Hüseynov

“Karyeramla bağlı hələ heç bir yenilik yoxdur”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov deyib.

Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan 33 yaşlı yarımmüdafiəçi “transfer pəncərəsi” bağlanmasına baxmayaraq, hələ də özünə yeni klub tapa bilməyib.

Hüseynov “yüksək məvacib tələb etdiyi üçün digər klublarla ortaq məxrəcə gələ bilmir”, - iddiasını da cavablandırıb. Futbolçu maliyyənin onun üçün önəmli rol oynamadığını söyləyib: “Hazırda gözləmə mövqeyi tuturam. Gəzən söz-söhbətlərin hamısı yalandır. Heç kim mənimlə danışıq aparmayıb ki, pul məsələsinə də gəlib çataq. Bu dəqiqə mənim üçün pul çox da önəmli deyil. Vəziyyət hamıya məlumdur. İstənilən təklifi qəbul etməyə hazıram”.

Qeyd edək ki, “Turan”ın yetirməsi olan Cavid Hüseynov karyerası ərzində “Qəbələ” ilə yanaşı, “İnter”, “Neftçi”, “Bakı” və “Zirə” kimi klubların da formasını geyinib.