16:10 09-09-2021
news_image
269
FUTBOL

Dünya çempionatının 2 ildən bir keçirilməsinin əleyhinədir – Azərbaycan Peşəkar Futbol Liqası

Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası (EPFL) dünya çempionatlarının 2 ildən bir keçirilməsi ilə bağlı bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, qitənin əksər liqalarını özündə birləşdirən qurum yeniliyin əleyhinə çıxıb.

Azərbaycan Peşəkar Futbol Liqasının da üzvü olduğu assosiasiyanın bəyanatında bildirilir ki, bütün liqalar yekdilliklə buna qarşıdır: “Liqalar qəti və yekdilliklə dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı istənilən təklifə qarşıdır. Bunun birtərəfli qaydada reallaşmasına imkan verməmək üçün digər maraqlı tərəflərlə birlikdə çalışacaq. Belə qərar bizim futbol sənayesinin təməli olan milli yarışlara zərbə vuracaq. Milli yarışlar bütün Avropada və dünyada klublar, futbolçular, azarkeşlər üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Yüklənmiş təqvimi də nəzərə alsaq, yeni yarışlar, klublar və yığmalar üçün turnirlərdə yenilənmələr, genişlənmələr dünya və Avropa futbolunda cari problemlərin həlli yolu deyil. Futbol təqvimi bütün maraqlı tərəflərlə müəyyən qədər razılaşdırılmış olmalıdır. Bu təqvim yalnız klub və yığmalar arasında, həmçinin milli və beynəlxalq yarışların balansı ilə müəyyənləşdirilməlidir”.

Qeyd edək ki, “Böyük beşlik” liqalarının hamısı EPFL-in üzvüdür.