09:45 10-09-2021
news_image
82
FUTBOL

“Azərbaycan üzərində qələbəyə layiq idik” – irlandiyalı məşqçi

“İrlandiya futbol tarixinin ən böyük nəticələrindən birinə yaxın olduğumuz bir vaxtda baş məşqçiyə dəstək vermək lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Derri Siti”nin baş məşqçisi Ruaydri Higgins deyib.

İrlandiya millisinin DÇ-2022-nin seçmə mərhələsində sentyabrda keçirdiyi oyunları dəyərləndirən 37 yaşlı mütəxəssis komandadan razılıq bildirib. Ötən il yığmada çalışmış Higgins Azərbaycan millisi ilə Dublindəki (1:1) matçda qələbəyə layiq oynadıqlarını söyləyib: “Portuqaliya üzərində qələbəyə yaxın olsaq da, bütün zamanların ən yaxşı futbolçusu buna imkan vermədi. 72 saat sonra isə evdə Azərbaycan üzərində qələbəyə layiq çıxış etsək də, heç-heçə ilə barışmalı olduq. İstədiyinizi deyə bilərsiniz, Ancaq o cür oyunla Azərbaycanı məğlub etməli idik. Komandamız son 3 matçı yüksək səviyyədə keçirdi. Azərbaycan və Serbiyaya qarşı görüşləri bundan sonra da təkrarlamaq lazımdır. Millimizin baş məşqçisinə səbirlə vaxt versələr, gələcəkdə daha həyəcanverici İrlandiya izləyəcəyik”.

Qeyd edək ki, İrlandiya yığması qrupda növbəti oyununu oktyabrın 9-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.