11:39 10-09-2021
news_image
143
FUTBOL

“Azərbaycan millisi üçün hər şey irəlidədir” - Rüstəm Əhmədzadə

“Millidə hər şeyi çox bəyəndim, yüksək səviyyədə idi. Möhtəşəm stadionlar, tribunalarda çox sayda azarkeş. İrlandiya ilə Dublindəki matça təxminən 30 min adam gəlmişdi. Atmosfer inanılmazdır. Rəqibin oyunçularının səviyyəsi də yaxşıdır, İngiltərə Premyer Liqasında, yüksək çempionatlarda oynayırlar”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçirilən (1:1) oyun barədə danışarkən deyib.

Ukrayna mətbuatına açıqlama verən “Minay” klubunun forvardı Lüksemburq və Portuqaliya ilə qarşılaşmalarda iştirak etməməsinin səbəbini də açıqlayıb: “Lüksemburqla matçın iştirak ərizəsinə salınmadım, çünki klubun düşərgəsindən çox gec getdim. “Şaxtyor”la oyun olduqca çətin və yorucu oldu. Məşqçilər korpusu buna görə sağalmağımı və İrlandiyaya qarşı daha yaxşı hazırlaşmağımı qərara aldılar. İrlandiya ilə matçdakı çıxışımı baş məşqçi bəyəndi. Ancaq zədələndiyim üçün Portuqaliya ilə oyunun heyətində olmadım”.

Əhmədzadə aktivində cəmi 1 xal olan millimizin daha uğurlu nəticələr göstərəcəyinə inanır: “İrlandiya ilə görüşdə qol vurmağa yaxın oldum. Həmin epizoda bir neçə dəfə baxmışam. Qol vurmalı idim. Belə epizodların üzərində işləmək və bunu qolla tamamlamaq lazımdır. Üç oyunda 1 xal toplasaq da, düşünürəm ki, Azərbaycan millisi üçün hər şey hələ irəlidədir. Güclü komandamız var, daha yaxşı oynamaq şansına sahibik. Məncə, qrupda daha çox xal toplayacağıq”.

Qeyd edək ki, millimiz sentyabrda keçirdiyi seçmə mərhələ oyunlarında Lüksemburq (1:2) və Portuqaliyaya (0:3) uduzub, İrlandiya (1:1) ilə heç-heçə edib.