20:54 11-09-2021
news_image
185
FUTBOL

“Avrokuboklara getməliyik kimi hədəfimiz yoxdur” – Elmar Baxşıyev

“Öncədən bizi çətin səfər oyununun gözlədiyini bilirdik. “Sabah” yaxşı komandadır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının III turunda “Sabah”la keçirilən oyun barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis 2:0 hesablı səfər qələbəsinə baxmayaraq, paytaxt təmsilçisi barədə xoş fikirlər səsləndirib: “Rəqibimiz heyəti yaxşı keyfiyyətlərə malik yerli və əcnəbi futbolçulardan təşkil olunmuş komandadır. “Sabah” öz oyun dəst-xətti ilə seçilir. Həftə ərzində belə matça hazırlaşmışdıq. Komanda meydançada istədiyimizi nümayiş etdirdi layiqli qələbə qazandıq”.

Baxşıyev görüşdə əks-hücum taktikası seçmələrini belə əsaslandırıb: “Komandaya müdafiəyə çəkilmək tapşırığı verilməmişdi. Rəqib yaxşı hücumameylli futbolçulara malik olduğundan öz zonamızda qarşılamağa məcbur idik. Amma təkcə müdafiəyə çəkilmək fikrində deyildik. İkinci planımız əks-hücumlarla bağlı idi ki, bu da uğurlu alındı. Ötən mövsüm daha çox qol imkanı yaratsaq da, yararlana bilmirdik. Amma indi daha az epizod əldə edir və bunları dəyərləndiririk. Bunu ustalıq səviyyəsi ilə əlaqələndirməzdim. Eyni futbolçulardır. Ötən mövsümdə də heyətimizdə olan Ülvi İsgəndərov indi qollar vurur”.

“Qırmızı-qaralar”ın çalışdırıcısı hədəfləri barədə sualı da cavablandırıb: “Sırf avrokuboklara getməliyik kimi hədəfimiz yoxdur, qarşıdakı oyunu fikirləşirik. İnanıram ki, bu komanda daha artığını etməyə qadirdir. Hər mövqedə lider futbolçularımız var. Onlar oyuna təsir edə biləcək potensialdadırlar”.

“Qəbələ”nin baş məşqçisi hələ də transfer barədə düşündüklərini etiraf edib: “Əlbəttə, güclənməyə ehtiyac var. Bir hücumameylli futbolçu olsa, məmnun qalardıq. Klub baş məşqçiyə inam verir, öz bacarığını göstərməyə imkan yaradır. Biz də komandaya təzyiq göstərmirik, sadəcə yanaşmasını düzəltmək istəyirik. Bu, hərdən alınır, hərdən yox. Bu komanda inkişafdadır və daha yaxşı ola bilər”.

Asif Məmmədovun zədəsinin durumu barədə də məlumat verən Elmar Baxşıyev onun layiqli əvəzləyicisini tapdıqlarını da əlavə edib: “Asif Məmmədov bizim üçün önəmli futbolçudur, zədəsi ciddi deyil. Onun meydanda olması üstünlüyümüzdür. Komandamızda onun davamçısı da yetişir. Gələcəkdə Emil Səfərovun üzərində dayanacağıq. Omar Hani isə hələ 50 faiz hazır deyil. Futbolsuz qalıb, ardınca bizə yeni qoşulub. O, daha yaxşı oyun göstərməyə qadirdir”.

Qeyd edək ki, ilk 3 turda 7 xal toplayan “Qəbələ” turnir cədvəlinə başçılıq edir.