22:34 12-09-2021
news_image
162
FUTBOL

“Bu iki komandanın oyununu təntənəli keçirmək lazımdır” – Qara Qarayev

“Bu cür atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür edirəm. Öz azarkeşlərimizə də təşəkkür edirəm ki, bizi sona qədər dəstəklədilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.

“Baksell Arena”da 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra “CBC Sport”a fikirlərini bildirən millimizin üzvü derbiyə layiq mübarizə olduğunu söyləyib: “Bu iki komandanın oyununu təntənəli keçirmək lazımdır. Derbiyə layiq oyun oldu. Uzun zaman idi millinin düşərgəsində idik, klubda bir arada deyildik. Bu baxımdan qələbə çox yaxşı oldu. Çətin oyun oldu, sona yaxın “Neftçi” təzyiqi artırdı. Ancaq qələbə qazana bildik”.

Qarayev Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş barədə də danışıb: “Bazel”lə oyunda bizə daha çox azarkeş lazım olacaq. Ruhumuzu qaldırsınlar, bizə əzm versinlər. “Bazel” qrupun favoritlərindəndir. Ancaq biz də meydana qələbə üçün çıxacağıq”.

Qeyd edək ki, 3 turdan sonra “Qarabağ” 7 xalla turnir cədvəlinə başçılıq edir.