22:41 12-09-2021
news_image
162
FUTBOL

“Belə olanda futbolçuları ələ almaq mümkündür” – Qurban Qurbanov

“Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük". 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə oyundan sonra deyib.

“Bakcell Arena”da baş tutan matçda Ağdam təmsilçisi yeni transferi İbrahima Vadjinin dublu sayəsində 2:1 hesablı qələbə qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Oyunçular çoxdandır birlikdə oynamamışdılar. Bu gün qərar verdim ki, onlar birlikdə olsun. İstər-istəməz yorğunluq olur. Matçdan əvvəl bir dəfə normal məşq etmişdik".

Qurbanov Konfrans Liqasının qrup mərhələsinin I turunda Bakıda qarşılaşacaqları İsveçrə “Bazel”i ilə oyun haqda da danışıb: “Bazel”lə görüşdə futbolçular daha yaxşı ola bilər. Bu gün meydança ağır idi. Bu məni bir az narahat edir”. 

Təcrübəli baş məşqçi “Neftçi”nin görüşün sonlarında daha çox irəli atıldığını sözlərinə əlavə edib: "Əks-hücumlara çıxsaq da, sonluq yaxşı alınmırdı. Toral Bayramov yorulmuşdu, ona görə narahat oldum. Çatışmazlıqlar var. Səhvlər olanda bəzən sevindirici olur. Belə olanda futbolçuları ələ almaq mümkündür”. 

Mütəxəssis iki qol vuran İbrahima Vadji barədə bunları diqqətə çatdırıb: "O, fərqli çempionatdan gəlib. Çox istəkli futbolçudur. Meydanda sonadək mübarizə aparır. Ona alqış düşür. "Neftçi"nin müdafiəsini təzyiqdə saxladı. Məşqlərdə çox istəklidir. Bəzi çatışmayan cəhətləri var. Ustalıq səviyyəsini daha da yaxşılaşdıracağına inanıram".