23:13 12-09-2021
news_image
175
FUTBOL

"7 il sonra gəldim, onların əlindən çempionluğu aldım" - Samir Abasov

“Start heyətdə 5 azərbaycanlı futbolçu olmalıdır. Bu, zərurətdir. Famil Camalovu bu səbəbdən görüşün əvvəlində meydana buraxdım. İki hücumçudan birini oynatmalıyıq. Familə inamımız itmir. Təki oyunçular çox olsun və biz baş sındıraq ki, kimi oynadaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Ağdam təmsilçisini “Bakcell Arena”da qəbul edən son çempion meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Oyunsonrası mətbuat konfransında Abasov rəqibin birinci qoluna səbəb olan İsmayıl Zülfüqarlının səhv etməsi barədə danışıb: “Niyə ona şans verməyək? İsmayıl necə böyüsün və inkişaf etsin? Çempionatdakı limit məsələsi də nəzərə alınmalıdır. Başqa kimi oynada bilərəm?” 

Abasov rəqib azarkeşlərin onu istefaya səsləməsi haqda bunları diqqətə çatıdırıb: “Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Samir 7 il sonra gəldi, onların əlindən çempionluğu aldı. Əlbəttə, onlar üçün Samirin getməyi yaxşıdır”. 

Baş məşqçi oyunçuların təcrübəsizliyinə görə rəqibdən geri qaldıqlarını deyib: “Oyuna pis başlamadıq. Səhvdən sonra heç nədən qol buraxdıq. Qol buraxandan və səhv edəndən sonra oyun dəyişir. İndi nəsə demək çətindir. Bəzi futbolçular belə oyunlarda təcrübə yığmalıdır. Birinci və ikinci hissə tamam fərqli idi. Mert Çelik ikinci hissədə daha yaxşı oynadı. Mənim birinci yarı bitəndən sonra ona yaxınlaşmağım futbolçuya təzyiq yaratmadı. Yusuf Lavalın üstündə çox durmuşduq. Onun oyununun alınmamağı rəqiblə bağlı idi. Həmin bölgədə futbolçumuza rahatlıq vermədilər. “Makkabi” ilə səfər oyunu istisna hər matçda qol vururuq. Bəlkə bu gün bir az tələskənlik oldu deyə yeni transfer Maçedo qol vura bilmədi". 

Abasov Premyer Liqadakı limitin əleyhinə olduğunu söyləyib: “Klub rəhbərliyi ilə danışıb limit məsələsini qabartmağa çalışacağam. Fikirləşirəm ki, limit götürülsə, Azərbaycan futbolu üçün yaxşı olacaq. Kim güclüdürsə, o da oynamalıdır”.