11:06 13-09-2021
news_image
97
FUTBOL

Bakıda debüt edə bilər – İngiltərədə oynayan futbolçu

İrlandiya millisinə yeni oyunçuların çağırılması planlaşdırılır.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan irlandlar heyətdə gəncləşdirmə siyasətini davam etdirir.

Baş məşqçi Stefen Kenninin diqqətini çəkən oyunçulardan biri də İngiltərənin “Linkoln” klubunun hücumçusu Entoni Skullidir. 22-ci yaşlı forvard ölkə çempionatının VII turunda “Kembric”lə matçda 2 qol, 3 məhsuldar ötürmə ilə komandasına 5:1 hesablı qələbə qazandırıb. U-21-in sabiq üzvünün performansından məmnun qalan çalışdırıcı onu oktyabrdakı toplanışa dəvət etməyi planlaşdırır.

Bu baş verərsə, Skulli oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə qarşılaşmada əsas yığmada debüt edə bilər. İrlandiya gələn ayın 12-də isə Qətərlə yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, İrlandiya qrupda keçirdiyi 5 oyunda 2 xal, Azərbaycan millisi isə 1 xal toplayıb.