13:38 15-09-2021
news_image
197
FUTBOL

“Yeni turnir üçün 10 milyard avro verməyə hazıram” – prezident Çempionlar Liqasının ləğvini istəyir

“Napoli”nin prezidenti Aurelio De Laurentis maraqlı təkliflə çıxış edib.

Apasport.az saytının məlumatına görə, futbol funksioneri yeni turnirin yaradılmasını istəyib.

O, Çempionlar Liqası və Avropa Liqasının artıq uğursuz layihə olduğunu düşünür. De Laurentis hətta yeni turnir üçün pul ayırmağa hazır olduğunu da söyləyib: “Sistem artıq işləmir. Çempionlar Liqası və Avropa Liqası klublara kifayət qədər gəlir gətirmir. Rəqabətin olması üçün səviyyəli oyunçulara daha çox ehtiyacınız var. Yəni çox pul xərcləməlisən. Avrokubokların mükafat pulu isə qane edəcək səviyyədə deyil. Bu səbəbdən hər bir iştirakçı üçün daha müasir və gəlirli bir turnir hazırlamaq lazımdır. Yeni layihə ilə maraqlanmışam, 10 milyard avro verməyə hazıram. Amma hazırlığa və tam müstəqilliyə ehtiyacımız var”.

“Napoli”nin sahibi bu gedişlə dünyada futbola marağın azalacağını vurğulayıb: “Avropada oyunların sayını azaltmalıyıq. Bundan əlavə, komandaların daxili yarışlarda qazandığı uğurlara əsasən Avropa Liqası kimi bir turnir də yaratmaq olar. Dəyişiklik olmasa, gənclərin futbola marağı azalacaq. Araşdırmalarım göstərir ki, 8-25 yaş arası insanlar futbola baxmaq əvəzinə telefonla oynamağı üstün tuturlar”.

Qeyd edək ki, bir müddət əvvəl Avropanın 12 nəhəng klubu Avropa Superliqası adlı layihə yaratsa da, UEFA və FİFA-nın təzyiqi nəticəsində həmin turnir başlamadan bitib.