16:15 15-09-2021
news_image
300
FUTBOL

“Mənə qəhrəman deyirlər, amma belə düşünmürəm” – Mahir Emreli

“Avropa Liqasında güclü rəqiblərlə eyni qrupa düşmüşük”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın formasını geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib.

Polşa mətbuatına açıqlama verən forvard komandasının Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib: “Güclü komandalara qarşı oynamaq böyük təcrübədir. Kiminlə harada, hansı liqada üz-üzə gəlməyinizdən asılı olmayaraq, hər oyun unikaldır. Hər birinə yaxşı hazırlaşmalı və zövq almalısınız. Kağız üzərində hansısa komanda favorit görünə bilər. Ancaq meydançada nələr yaşanacağını bilmək olmur”.

Emreli bugünkü rəqibləri Moskva “Spartak”ını favoritlər sırasında görür: “Bu turnirdə “Napoli”, “Lester” “Spartak” kimi güclü rəqiblərlə qarşılaşacağıq. Onlar favoritlər sırasında göstərilə bilər. Ancaq biz bu qrupda uğurlu nəticə üçün yarışacağıq. Turnirdə yaxşı nəticə ilə başlamaq önəmlidir. Bu baxımdan “Spartak”la görüş bizim üçün vacibdir”.

Millimizin üzvü təsnifat mərhələlərində vurduğu qollara görə azarkeşlərin onu qəhrəman adlandırmasına da münasibət bildirib: “Mənə qəhrəman deyirlər, amma belə düşünmürəm. Oyundan zövq alıram, topu sevirəm. Meydanda olanda vaxt mənim üçün dayanır. Qəhrəman olmaq üçün qol vurmaq arzusunu sevmirəm. Yalnız komandam üçün əlimdən gələni edirəm. Təkcə qol vurmaq kifayət etmir. Eyni zamanda meydanda düzgün hərəkət etməli, komanda yoldaşlarına boşluq yaratmalısan”.

Qeyd edək ki, “Spartak” – “Legiya” oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.