10:46 11-09-2008
news_image
441
STOLÜSTÜ OYUNLAR

Rəcəbov şansını qaçırdı

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Böyük Dəbilqə” superturnirində birinci olmaq şansını itirib. “APA-Sport”un məlumatına görə, buna səbəb təmsilçimizin İspaniyanın Bilbao şəhərində keçirilən yarışın VIII turu çərçivəsində məğlubiyyət acısı dadması olub. Hələ də qələbəyə həsrət qalan qrossmeysterimiz qara fiqurlarla Vasili İvançuka (Ukrayna) uduzub. Digər görüşlərdə Veselin Topalov (Bolqarıstan) Maqnus Karlsendən (Norveç), Levon Aronyan (Ermənistan) isə Vişvanatan Ananddan (Hindistan) üstün olub. Bu nəticələrdən sonra Topalov 13 xalla liderliyi ələ keçirib. Aronyan (12 xal), Karlsen və İvançuk (hər ikisi 11 xal) liderin ən yaxın izləyiciləridirlər. Birinci olmaq şanslarını itirən Rəcəbovla Anand 6 xalla son pillələrdə qərarlaşıblar. Yarış iştirakçıları bu gün istirahət edəcəklər. Sabah isə IX tur çərçivəsində Anand – Topalov, İvançuk – Aronyan və Rəcəbov – Karlsen görüşləri baş tutacaq.