12:32 19-09-2021
news_image
341
FUTBOL

Akademiyada futbolçu yetişdirməyin yolları: dominantlıq üzərində qurulan fəlsəfə - LAYİHƏ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Avropa futbolunda böyük klubları nəhəng edən təkcə büdcələri deyil.

Apasport.az saytının məlumatına görə, onların əksəriyyətinin ən böyük dayağı akademiyalarıdır.

Üstəlik, bir çoxunun təkcə öz bazasında deyil, dünyanın müxtəlif ölkələrində akademiyaları fəaliyyət göstərir, orada seçilən yeniyetmələr əsas akademiyaya cəlb olunur. Belədə klubun büdcəsi azaldığı zaman da akademiyanın gəncləri imdada yetişir. Son illər “Barselona”nın yenidən akademiyadan çıxan gənclərə etibar etməsi bir az da bu problemdən qaynaqlanır.

Akademiyanın ayaqda saxladığı ən gənc komanda
Azərbaycanda Avropa səviyyəsinə yaxın yeganə akademiya isə “Qəbələ”yə məxsusdur. Roman Qriqorçukun zamanında avrokuboklarda uğurlu çıxış, ölkə daxilində yüksək nəticələr uğrunda mübarizə aparan “qırmızı-qaralar” maliyyə azaldıqdan sonra da digər bir çox klub kimi, fəaliyyətini dayandırmadı. Akademiyaya müraciət edən məşqçilər korpusu əsas komandanı yenidən dirçəltmək ərəfəsindədir.

Bu gün Azərbaycanda elə bir klub yoxdur ki, orada “Qəbələ” akademiyasından çıxan oyunçu olmasın. Bununla yanaşı, hazırda “Qəbələ”nin əsas komandasının oyunçusu kimi PFL-də qeydiyyatdan keçən 21 yaşadək futbolçu sayı da 8-dir. Bu da bölgə təmsilçisini çempionatımızın ən gənc komandasına çevirir.

Nələrə diqqət yetirilməlidir?
Hər bir akademiya kimi, Qəbələ Futbol Akademiyasının da öz fəlsəfəsi var. Akademiyada daha çox nəticə yox, futbolçuların inkişafı ön plana çıxır. Bunu akademiyanın baş məşqçisi Famil Xəlilov deyir. A kateqoriyalı məşqçi əməkdaşımızla söhbətində futbolçuların inkişaf yolundan bəhs edib, əsas diqqət yetirilməsi gərəkən məqamlara toxunub. O, prioritetlərinin texnika, taktika, fizika, psixologiya, sosial cəhətlər olduğunu vurğulayıb.

“Texnika, taktika, fizika, psixologiya, sosial cəhətlərin inkişaf yolu”
Xəlilov sadalanan keyfiyyətlər barədə də ətraflı məlumat verib: “Texnikanı inkişaf etdirmək üçün öncə hər hansı bir hərəkətin (driblinq, ötürmə, kontrol, fint və s.) yavaş şəkildə icrasını göstəririk, müəyyən alışqanlıq yaranandan sonra avtomatik sürətli icrasını istəyirik. Üçüncü mərhələdə rəqibdən istifadə etməklə həyata keçiririk. Texnikanın inkişafı üçün təzyiq altında olmaq mütləqdir. Elə bu səbəbdən 3-cü mərhələdə rəqibdən istifadə edirik.
Taktika 3 mərhələdən ibarət olur. Fərdi, qrup, komanda şəklində. Ümümiyyətlə, kiçik yaş qruplarında (7-12) taktikaya o qədər də önəm vermirik, əsasən texnika önəmli olduğu üçün. Taktikaya daha çox (13-19) yaşlarda diqqət yetiririk. Burada yanaşma fərdidən başlayır, komanda halına qədər öyrədilir. Hər bir futbolçuya öz mövqeyində və yaxud bir neçə mövqedə taktiki cəhətdən necə oynamalı olduğunun yollarını göstəririk. Akademiya komandalarına hücumda, müdafiədə və keçidlərdə nəyi, necə, harada nə etməli olduqları təkrarlarla öyrədilir. Bunun müsbət nəticəsidir ki, bir futbolçu başqa komandaya keçdiyi zaman uygunlaşma problemi yaşamır.


Fizika geniş və əhatəli mövzudur, danışdıqca bitməz. Fiziki hazırlıqda diqqət etdiyimiz məqamlar: ümumi dözümlülük, güc dözümlülüyü, sürət dözümlülüyü, koordinasiya, sürət, hərəkətlilik. Kiçik yaşlarda (7-13) yuxarıda sadaladıqlarımdan ən çox üzərində durduğumuz koordinasiya və sürətdir. Bu məşqləri daha çox əyləncəli və kiçik oyun formaları şəklində təşkil edirik. Futbolçu həm əylənir, həm də inkişaf edir. Cinsi yetkinlik yaşından sonra (14 yaş) artıq ümumi dözümlülük, güc dözümlülüyü, sürət dözümlülüyü, sürət, koordinasiya və hərəkətliliyin hər birini əhatə edən məşqlər təşkil olunur. Əgər bir futbolçu tətildən qayıdıbsa, vaxtımız çox olduğu üçün mərhələli şəkildə (ümumi dözümlülük, güc dözümlülüyü, sürət dözümlülüyü, sürət) ardıcıllığı pozmadan 6 həftə ərzində onları hazırlayırıq. Yox, əgər liqalar başlayıbsa, hər futbolçu həftədə bir oyuna çıxırsa, bu zaman bu sadaladığım fiziki komponentlərin hər birini əhatə edən məşq proqramları yazılır və bir həftə ərzində tətbiq olunur. Məqsəd futbolçuları mövsümün sonuna qədər formada saxlamaq, performansını yaxşılaşdırmaq, zədədən qorumaqdır.

Psixologiya bir futbolçu üçün çox vacibdir. Əgər oyunçu psixoloji cəhətdən oyuna, məşqə hazır deyilsə, bu zaman yuxarıda sadaladığım amillər dəyərini itirir. Biz bu problemləri aradan qaldırmaq üçün bəzən fərdi, bəzən komanda şəklində söhbətlər aparırıq, uşaqları özlərinə inanmalarını və hər hansı çətin vəziyyətə düşdükləri zaman öhdəsindən gələ biləcəklərini, çıxış yollarını öyrədirik. Bunun üçün əyləncəli, həyəcansız, rahat mühit yaratmaq vacibdir. Çalışırıq əsasən məşqlərdə və oyundan əvvəl paltardəyişmə otağında futbolçu özünü rahat hiss eləsin. Əgər həyəcanlıdırsa, bu, onun oyununa, performansına təsir göstərəcək.
Sosial cəhətdən futbolçularımızın boş vaxtlarını səmərəli keçirməsinə şərait yaradırıq. Onlar üçün həftə sonları istirahət günlərində (kino, tarixi abidələrə gəzinti və s.) təşkil edirik”.

Eyni sistem, fərqli formalar
Famil Xəlilov “Qəbələ” akademiyasının oyun sistemlərindən də danışıb. O, oyun sxeminin 4-3-3 olduğunu əlavə edib. Ancaq bunlar yaş qrupuna görə dəyişir: “14 yaşından 19 yaşına qədər olan 11x11 oynayan komandalarımız bu sistem üzrə meydana çıxır. 6+1 oynayan komandalarımız 2-3-1, 8+1 oynayan komandalarımız 2-3-3 sisteminə müraciət edir. Bu sistemlər 4-3-3-ün kiçik formalarıdır. Burada məqsəd iki mərkəz müdafiəçini birlikdə oynatmaqla 14 yaşına çatdığı zaman 4-lü müdafiəyə uyğunlaşdırmaqdır. Bəzən 19 yaşlılarda 4-2-3-1-ə müraciət edirik. Bu hal əsasən beynəlxalq oyunlarda vacib olur”.

Baş məşqçi onu da deyib ki, “Qəbələ” akademiyasının oyun fəlsəfəsində daha çox topa sahib olma, dominantlıq (hücumda) vacibdir: “Müdafiədə aqressivlik, pressinq, qısa müddətdə topu qazanmaq əsas prinsipdir. Hücümlar bəzən sürətli, bəzən də tədricən təşkil olunur. Hər iki variantdan istifadə edirik və futbolçuları buna uyğunlaşdırırıq. Müdafidə kompaktlığı, komanda şəklində müdafiəni öyrədirik. Keçidlər əksər hallarda sürətli baş verir, topu itirdikdə və ya qazandıqda nə etməli olduqları öyrədilir. Rəqibin səhv etməsini gözləmək əvəzinə rəqibi səhvə məcbur etmək prinsipinə söykənən yol seçilir”.

150-yə yaxın lisenziyalı futbolçu, orta məktəblərdə axtarış
“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov isə bizi bəzi statistik göstəricilərlə tanış edib. Onun sözlərinə görə, akademiyanın hazırda 150-yə yaxın lisenziyalı futbolçusu var: “İl ərzində oyunçu lisenziyası çıxarılmayan və məşq keçilən müəyyən sayda oyunçu da olur. Bunun üçün adətən orta məktəblərə müraciət edirik, kəndlərə gedirik. Seçilən uşaqlara məşqlər keçirik. 30 futbolçu yataqxanada qalır. Qalanları öz evlərində yaşayır. Avtobusla müəyyən kəndlərə qədər aparmağa çalışırıq. Təbii ki, bütün kəndləri əhatə etmək mümkün deyil. Qəbələnin kəndləri coğrafi baxımdan çox dağınıqdır. Ucqar kəndlər həddən artıq çoxdur. Ən uyğun marşrut üzrə yaşayan futbolçuları yığıb gətirməyə çalışırıq. Ötən mövsüm akademiyanın 12 məşqçisi var idi. Bu mövsümdən bu say artır. Çünki əvəzedici komanda da əlavə olunub. Bu, akademiyada qalan futbolçu sayının 40-a çatmasına, həmçinin personalın sayının çoxalmasına səbəb olur”.

Ruslan Sadıqov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur