02:37 18-09-2021
news_image
92
FUTBOL

"Məğlubiyyətdən nəticə çıxarmağa çalışacaq" - yığmamızın baş məşqçisi

“İlk oyunlar həmişə çətin olur. Qarşılaşmanın qrupun lider komandasına qarşı olması məsuliyyətimizi daha da artırmışdı".

Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

O, AFFA-nın saytına dünya çempionatının seçmə mərhələsində keçirilmiş Rusiya ilə matçı (0:2) şərh edib: "Rusiyanın son bir neçə oyununu izləmişdik. Necə oynadıqlarını bilirdik. Daha çox bunun üzərində çalışmışdıq. Komanda olaraq oyun planında ilk hissədə düzgün oynadıq. Ancaq rəqib getdikcə təzyiqi artırdı. Təəssüf ki, ilk hissənin sonlarında buraxdığımız bir səhv qolla nəticələndi. Belə demək mümkünsə, Rusiya millisi hücumlarının kəsərini artırmaqla bizi səhv etməyə məcbur etdi. Fasilədən sonra oyunda dönüş yaratmaq istəyirdik. Rəqib isə daha çox təzyiq edərək oyunu meydanın bizə aid hissəsində keçirməyimizə səbəb olurdu. Rusiyalı futbolçular ikinci qolda qapıçımızın qarşısını kəsərək zərbə anını görməsinə mane oldular və istəklərinə çatdılar. Məğlub olsaq da, bu oyundan nəticə çıxarıb, buraxdığımız səhvləri Danimarka millisi ilə oyundadək aradan qaldırmağa çalışacağıq”.