10:04 20-09-2021
news_image
320
FUTBOL

“Klublarımız lap yaxşısını axtarır, aşağı keyfiyyətdə oyunçu gətirir” – Bəxtiyar Musayev

“Hər bir komanda mövsümün startına qədər komandanı komplektləşdirmək istəyər. Bizim klublarda bu mənada çox çətinliklər olur”.

Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Bəxtiyar Musayev deyib.

Futbolçu seçiminə görə öncüllərdən sayılan 48 yaşlı mütəxəssis klublarımızın yay transfer fəaliyyətini dəyərləndirib. O, Azərbaycana oyunçuların gəlmək istəməməsi ilə bağlı baş məşqçilərin gileyləndiyi məsələyə bu cür reaksiya göstərib: “Klublar yaxşı futbolçular dəvət etmək istəyir. Yaxşı futbolçular üçün isə Azərbaycan cəlbedici deyil. Daha yüksək məvacib, mükafat tələb edir, bəziləri ailəsi ilə qalmaq istəyir. Amma yenə də futbolçu tapmaq olar. Klublarımız hərdən lap yaxşı oyunçu axtarırlar, komandaya xeyir verəcək orta səviyyəli futbolçu təqdim olunanda tərəddüd, imtina edirlər. Lap yaxşısını gətirə bilmədikdən sonra ortadan da aşağı keyfiyyətdə oyunçu ilə anlaşmağa məcbur olurlar”.

Onun sözlərinə görə, güclü oyunçu üçün Azərbaycan sonuncu variantdır: “İstənilən məşqçi güclü futbolçu ilə çalışmaq istəyər. Amma hər cəhətdən yaxşı olan oyunçu üçün Azərbaycan çempionatı axırıncı variantdır. Bura gəlmək ona o qədər də maraqlı deyil. Əvəzində təklif olunan hansısa oyunçunun komandaya xeyir verəcək potensialda olduğunu görürsənsə, onunla dərhal müqavilə bağlamalısan”.