21:14 20-09-2021
news_image
110
FUTBOL

“Uduzmağa gəlməmişdik” – Ayxan Abbasov

“Məğlub olmağa gəlməmişdik. Birinci hissədəki səhv penalti ilə nəticələndi. Bilirdik ki, rəqib belə səhvi bağışlamır. Futbolda belə səhvlər olur".

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

“Azersun Arena”da baş tutan matçda rəqibinə məğlub olan (0:2) “gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 5-ci pilləyə yuvarlanıb.

Oyunsonrası mətbuat konfransında Abbasov yenilgini bu cür şərh edib: “Bəzi epizodlarda sonluq çatmadı. Komandamızın potensialı var. Daha yaxşı olacağıq. Buna inanıram. Növbəti görüşlərə köklənməliyik”. 

Abbasov hücumçular Əli Qurbani və Səid Rzazadənin son dəqiqələrdə yaxşı çıxış etdiyini söyləyib: “Meydanda mübarizə oldu. Futbolçular qapıya düzgün düşə bilsəydilər qol vura bilərdik. 0:1 hesabı ilə geridə idik. Futbolçularda istək var. İstər-istəməz vaxt getdikcə bədəndə gümrahlıq itir. Çempionat həqiqətən gərgin keçir. Unutmayaq ki, “Qarabağ”a qarşı oynayırdıq. Səid Rzazadənin oyununu izləmişik, yeni gəlib. Bu gün istədik ki, çempionatın ab-havasını hiss etsin. Oyunlarda müxtəlif rotasiyalar edəcəyik”.