15:52 22-09-2021
news_image
120
FUTBOL

Avropada 45-ci – millimizə 6 təsəlli

Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, 51 yığma Avstraliya və Yeni Zelandiyada təşkil olunacaq mundiala vəsiqələr uğrunda mübarizə aparır.

“Kenqurular diyar”ına yollanmaq arzusunda olanlar sırasında Azərbaycan millisi də yer alıb. Lakin Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda kenquruları görməzdən öncə futbol oynamağı öyrənməlidir.

Hər halda Rusiya (0:2) və Danimarka (0:8) ilə görüşlərin nəticələri qadın futbolu barədə nikbin danışmağa zərrə qədər də əsas vermir. Millimiz seçmə mərhələnin 51 iştirakçısı arasında xal üzünə həsrət qalan 21 komandadan biridir.

Lakin seçmə mərhələ yeni başladığından bu 21 yığmanın bəziləri 1 oyuna çıxıb, bəziləri heç mübarizəyə başlamayıb. Eyni qruplarda xal üzünə həsrət qalan üç komandanın olduğunu da nəzərə alsaq, bu rəqəm mütləq azalacaq.

Xalsızlara gəlincə, 21 xalsızdan 7-nin durumu acınacaqlıdır. Söhbət iki dəfə uduzan və top fərqində “-10” və ya daha bərbad olanlardan gedir.

Bu ədədin iki rəqəmlə ifadə olunduğu 7 milli seçmə mərhələnin digər 44 iştirakçısından geri qalır. Azərbaycan millisi bu 7 uğursuz arasında ən yaxşıdır.

Qitədə yalnız 6 komandanı qabaqlayan millimiz mərhələnin ümumi sıralamasında 45-ci sayılır. Futbolçularımız Ermənistan, Kipr, Lüksemburq, Latviya, Şimali Makedoniya və Farer adalarına baxıb təsəlli tapa bilər. Amma seçmə mərhələyə kiməsə baxıb təsəlli tapmaq üçün qatılmaqla qatılmamaq arasında fərq axtarmağa dəyməz. 

Xal qazanmayan və top fərqi iki rəqəmlə ifadə olunan komandalar:
Azərbaycan – 0:10
Kipr – 1:12
Latviya – 1:12
Ermənistan – 0:11
Şimali Makedoniya – 0:14
Lüksemburq – 0:14
Farer adaları – 1:17