11:36 24-09-2021
news_image
921
FUTBOL

“Təklif inanılmaz idi” - “Səbail” instaqramla futbolçu alıb

2017/18 mövsümündə ölkəmizdə “Səbail”in formasını geyinən kurasaolu futbolçu Ayrton Stati həmin dönəmlə bağlı maraqlı açıqlama verib.

Apasport.az saytının məlumatına görə, Niderland mətbuatına danışan 27 yaşlı sol cinah müdafiəçisi 2017-ci ilin yayında Azərbaycan təmsilçisindən instaqram vasitəsilə təklif aldığını söyləyib.

Hazırda Niderlandın aşağı liqa təmsilçisi “Kozakken Boys”da çıxşı edən Stati ölkəmizdə ona olan münasibətdən də danışıb: “2017-ci ildə Azərbaycan klubu “Səbail”dən instaqram vasitəsilə inanılmaz təklif aldım. Gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə superulduz kimi davrandılar. Orada həyat yaxşı idi. Mənə pulumu qaydasında, qəpiyinə qədər ödədilər”.

Stati “Səbail”dən pul alması ilə bağlı bir xatirəsini də bölüşüb: “Məşqdən sonra pulu nəğd şəkildə aldım. Dərhal sevgilimə verdim. Şəxsi sürücü ilə tez evə getdi. Bunun ən yaxşı bağlantı olduğunu düşündüm. Şükürlər olsun ki, hər zaman yaxşı getdi”.

Qeyd edək ki, Ayrton Stati 2017/18 mövsümündə Azərbaycan Premyer Liqasında 19 oyun keçirib, 1 qola imza atıb.