15:41 24-09-2021
news_image
1144
FUTBOL

Şahin Diniyev: “Qarabağ”ın uduzmağını heç kim ağlına da gətirmir” - MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin üzvü, təcrübəli mütəxəssis Şahin Diniyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının V turunun açılış matçında hələ də xala həsrət qalan “Keşlə” çempionluğa iddialı “Qarabağ”ı qəbul edəcək. Bu oyundan sensasiya gözləmək olar?
- Futbolda mümkünsüz heç nə yoxdur, istənilən an sensasiya ola bilər. Komandalar meydana 0:0 hesabı ilə çıxırlar. Proqnozlarla iş görsək, onda öncədən hesabı yazsınlar, daha sonra başlasınlar. Oyuna çıxanda hər bir komandanın şansı olur. Bunu necə dəyərləndirə biləcəklər, bu artıq meydanda həll olur. Həm turnir cədvəli, həm də oyun baxımından “Qarabağ”la “Keşlə” arasında böyük uçurum var. İki komandanın çıxışını müqayisə etsək, “Qarabağ”ın böyük üstünlüyə malik olduğunu görərik.

- “Keşlə”nin baş məşqçisi Sənan Qurbanovun son şansıdır və qarşılaşma süni örtüklü meydançada olacaq. Bu amillər Bakı klubuna üstünlük verə bilər?
- Süni örtüyün təsiri ola bilər. “Qarabağ” üçün belə meydançada oynamaq bir az problemdir. Artıq əyri meydança yoxdur, o dövrlər keçib. “Qarabağ”ın futbolçuları təbii ot örtüyündə oynamağa öyrəşiblər. “Keşlə” isə ev oyunlarını sünidə keçirir. Bu bir az “Keşlə”yə üstünlük qazandıra bilər. Ancaq bu üstünlüyün hesaba necə təsir edəcəyini oyun göstərəcək. Bunu meydan sahibləri üçün böyük üstünlük də saymıram. Çünki “Qarabağ” orada da eyni futbolu nümayiş etdirməyi bacardığını göstərib. “Keşlə” müdafiəyə qapansa, boşluqlar buraxmasa, nəsə edə bilər. Amma “Qarabağ”ın uduzmağını heç kim ağlına da gətirmir.

- Mövsümə gözlənilmədən uğurlu başlanğıc edən “Səbail”, əksinə, gözlənilən nəticələri qazana bilməyən “Zirə”ni qəbul edəcək. Sizcə, birincilər sürpriz çıxışını davam etdirə bilərmi?
- Hələ mövsümün başlanğıcıdır, aralarında elə böyük fərq də yoxdur. Ancaq “Zirə”nin göstərdiyi futbol tam başqadır. Mənə elə gəlir ki, “Zirə” bu oyunun favoritidir. Asan da olmasa, qələbə qazanmaq gücündədir.

- İlk xalını ötən turda qazanan “Sabah” doğma arenasında “Neftçi” sınağına çıxacaq. “Ağ-qaralar”ın artıq ritmə düşdüyünü söyləmək olar?
- Mənə görə, turun ən çətin oyunlarından biri olacaq. “Sabah”ın keçən turda “Zirə” ilə keçirdiyi matçın son yarım saatdakı çıxışı bu komandanın inkişafda olduğunu göstərir. Nəzərə alaq ki, “Sabah”ın geriyə addım atacaq yeri yoxdur. Bu komanda bütün gücü ilə rəqibinə problemlər yarada bilər. Əsas məsələ “Sabah”ın müdafiədə boşluq verib-verməyəcəyidir. İrəlidə, bəlkə də, rəqabət apara bilər. “Neftçi”nin hücumları qarşısında “Sabah”ın müdafiəsi tab gətirə biləcəkmi? Bununla bağlı bir az tərəddüdüm var. “Neftçi”nin hücumu çox güclüdür, “Sabah”ın müdafiəsi isə orta səviyyədədir. “Neftçi”nin müəyyən üstünlüyü var. Fikrimcə, turun ən gərgin mübarizədə keçən oyunu olacaq.

- Parlaq qələbələri sıralayan “Qəbələ” bu tur “Sumqayıt”ın qonağı olacaq. “Qırmızı-qaralar”ın Sumqayıtdan da 3 xalla dönmək şansını necə görürsünüz?
- “Qəbələ”nin son vaxtlar sərgilədiyi oyun çox yaxşıdır. “Sumqayıt”ın isə oturuşmuş heyəti var və stabil komandadır. “Qəbələ”nin əsl gücünü qarşıdakı 3 turda görə bilərik. Onlar ardıcıl “Sumqayıt”, “Qarabağ” və “Zirə” ilə qarşılaşacaq. Biri oturuşmuş komanda, biri top-klub, biri də iddialıdır. Bu 3 oyun “Qəbələ” üçün həlledici ola bilər. Bu komanda liderlər qrupunda qala bilər, ya yox, məhz qarşıdakı turda müəyyənləşəcək.

- “Qarabağ”, “Zirə” və “Neftçi”ni cütlərin favoritləri hesab etdiniz. Bəs “Sumqayıt” – “Qəbələ” matçında kimi şanslı görürsünüz?
- Çətin oyundur. Heç-heçəyə bənziyir. Hər hansı birinin qələbəsi sensasiya sayılmayacaq.

Ruslan Sadıqov