10:07 28-09-2021
news_image
183
FUTBOL

“Onları dayandırmaq üçün nə etmək lazım olduğunu bilmirəm” - ÇL-də məşqçi fikirləri

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək.

Apasport.az saytının məlumatına görə, ilk gündə baş tutacaq 8 matçdan 3-nə xüsusi maraq var.

Bunlar PSJ – “Mançester Siti”, “Milan” – “Atletiko” və “Porto” – “Liverpul” qarşılaşmalarıdır. Oyunlar öncəsi adıçəkilən komandaların baş məşqçilərinin düşüncələrini təqdim edirik.

PSJ – “Mançester Siti”
Maurisio Poçettino (PSJ-nin baş məşqçisi): “Komandamızın yeni qurulması faktını unutmaq olmaz. Ağıllı düşünək, tarixə baxaq. PSJ-nin inşası davam edir. “Mançester Siti” dünyanın ən yaxşı məşqçisinin - Pep Qvardiolanın rəhbərliyi altında çalışır. Onlar Çempionlar Liqasını qazanmaq istəyir. Ancaq turnirdə qalib gələ biləcək komandalar sırasına digərlərini də daxil edərdim. Çempionlar Liqasını qazanmaq bizim də arzumuzdur. Klubumuzun 50 yaşı var və həmişə özünü Avropanın ən yaxşı komandası kimi göstərməyə çalışıb. Bu proses vaxt, səbr və sərmayə tələb edir. Bizdə dünyanın ən yaxşısı olan Messi var. Ancaq o da yeni kollektivə uyğunlaşmağa ehtiyacı olan eyni simadır. Leo burada kuboklar qazanmaq niyyətindədir”.
Pep Qvardiola (“Mançester Siti”nin baş məşqçisi): “Messi, Neymar və Mbappeni necə dayandırmaq olar? Düzünü desəm, onları dayandırmaq üçün nə etmək lazım olduğunu bilmirəm. Çox yaxşıdırlar. Düzdür, onlara vaxt lazımdır. Amma belə ulduzlara vaxt verilmir. Yalnız kollektiv deyil, həm də fərdi cəhətdən güclü olduqlarını xatırlamağa dəyər. Messinin PSJ-də olması öz sözünü deyir. Onun səviyyəsini təsvir etməyə ehtiyac yoxdur. PSJ ilə ötən mövsüm qarşılaşmışdıq. Bu dəfə fərq ondadır ki, rəqibin heyətində Messi var”.

“Milan” – “Atletiko”
Stefano Pioli (“Milan”ın baş məşqçisi):
“Atletiko” İspaniyanın ən güclü komandalarından biridir. Möhkəm və balanslı kollektivə, əla baş məşqçiyə malikdirlər. Texniki baxımdan keyfiyyətli oyun nümayiş etdirməliyik. Heç bir həvəs əskikliyi olmayacaq, çünki yenidən Çempionlar Liqasında azarkeşlərimizin qarşısına çıxacağıq. Vacib oyun olacaq. Qrupdakı ilk xalları qazanmaq istəyirik”.
Dieqo Simeone (“Atletiko”nun baş məşqçisi): “Milan” kimi komanda ilə Çempionlar Liqasında qarşılaşmaq möhtəşəmdir. Ən yaxşı komandalardan biri haqda danışırıq. Son illər böyük irəliləyişə nail olublar. “Milan”ın stadionundan da xoşum gəlir. Yaxşı oyunçuları olan güclü rəqiblə üz-üzə gələcəyimizi başa düşürük. Dinamik matç gözləyirik. Boşluqlar tapmağa və bundan yararlanmağa çalışacağıq”.

“Porto” – “Liverpul”
Serjio Konseysao (“Porto”nun baş məşqçisi):
“Liverpul” olduqca təcrübəli komandadır və bu sayədə eyni səviyyədə qala bilirlər. Büdcəmiz onların büdcəsinin 20-30 faizini təşkil edir. Ancaq meydanda bu amil işə yaramayacaq. “Liverpul” bəzi komponentlərdə dünyanın ən yaxşı komandasıdır. Biz də onlar kimi rəqabətli olmalıyıq. Yenə də rəqibin müqavimət göstərmək, bəzi zəif cəhətlərini ortaya çıxarmaq öz əlimizdədir”.
Yurgen Klopp (“Liverpul”un baş məşqçisi): “İlk oyunda qazanılan qələbə bizi arxayınlaşdırmır. Çətin qrupa düşdük. Buna görə vaxt itirməməliyik, xalları indi toplamalıyıq. “Porto”da geniş oyunçu seçimi və fərqli taktiki gedişləri var. Buna hazır olmaq lazımdır”.