19:42 29-09-2021
news_image
112
FUTBOL

“Qəbələ”nin baş məşqçisi: “Cavab görüşündə sürprizə inanırıq”

“Bizi necə oyun gözlədiyini, rəqibin kimliyini bilirdik. Hollandiya və Azərbaycan çempionlarını müqayisə etmək düzgün olmaz. Amma futbolçularımıza inanırdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyunları çərçivəsində “Alkmaar”la keçirilən matçdan sonra deyib.

Çalışdırıcı doğma arenada 0:4 hesablı məğlubiyyəti şərh edib. O, nəticədən asılı olmayaraq, komandanın tapşırıqların müəyyən hissəsini yerinə yetirdiyini açıqlayıb: “Futbolçularda bir az soyuqqanlılıq çatmırdı. Bir az sərbəst oynasaydıq, qol epizodlarını dəyərləndirsəydik, nəticə fərqli olardı. Komandamız sonadək mübarizə apardı. Bu da məni sevindirir. Önəmli olan da budur ki, futbolçularımız belə komandalarla oynayır, təcrübə qazanırlar. Ən böyük uğur Niderland çempionunu Qəbələyə gətirməkdir”.

Xəlilov oktyabrın 20-də səfərdə baş tutacaq cavab oyunu barədə də fikirlərini bölüşüb: “Oyunçulara tapşırmışdıq ki, öndə pressinq etməyək, müəyyən zonada rəqibi qarşılayaq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu, matçın bəzi hissəsində alındı, bəzisində yox. Cavab görüşündə risk etməliyik. Öndə pressinq etməyi düşünürük. Sürpriz ola biləcəyinə inanırıq. Ümidimizi itirməmişik. Bugünkü görüşdə də kifayət qədər qol epizodları yaratdıq”.