09:31 30-09-2021
news_image
141
FUTBOL

Ronaldodan rekordlar: Son dəqiqələrin qəhrəmanı

Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekordlara imza atıb.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in portuqaliyalı ulduzu şəriki olduğu bir göstəricidə mütləq rekord vurub, özünün məxsus olduğu üç nailiyyəti isə daha da yaxşılaşdırıb.

Çempionlar Liqasının II turunun “Vilyarreal”la qarşılaşması (2:1) ulduz hücumçunun qitənin ən nüfuzlu klub turnirində 178-ci oyunu olub. Ronaldo bu göstəricidə yarışın mütləq rekorduna imza atıb. O, 177 matça çıxan İker Kasilyası arxada qoyub.

90+5-ci dəqiqədə qol vuran Ronaldo həm də Çempionlar Liqasının ən yaxşı bombardiridir. Onun hesabında artıq 136 qol var.

Portuqaliyalı həm də son dəqiqələrin qəhrəmanıdır. O, 90-cı və uzatma dəqiqələrində 12-ci qoluna imza atıb. Bu da turnirin mütləq rekordudur. Onun ən yaxın izləyicisi Lionel Messi cəmi 6 belə qola sevinib.

Ronaldo Çempionlar Liqasında 41-ci dəfə qələbə gətirən qolun müəllifi olub. Bu da yeni rekorddur. Onu izləyən Lionel Messi 38 matçın taleyini vurduğu qolla dəyişib.