11:56 01-10-2021
news_image
416
FUTBOL

Mahir Emrelinin uşaqlıq xatirələri: “Məni aparmayanda ağlayır, səhərə qədər yatmırdım” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Legiya”nın hücumçusu Mahir Emreli klubun rəsmi saytına maraqlı müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard həm uşaqlıq xatirələrini bölüşüb, həm də ailəsi ilə bağlı fikirlər səsləndirib.

- Bir futbolçu kimi, gələcək hədəfləriniz nələrdir?
- Bu yaxınlarda bir müsahibə verdim, gələcəyimlə bağlı məqsədlərimi soruşdular. Dedim ki, xəyallarım var, “Legiya”ya vacib bir mərhələ kimi yanaşıram, nə vaxtsa daha yüksək səviyyədə oynamaq istərdim. Elə qələmə verildi ki, Emreli “Legiya”da bir müddət oynayıb ayrılmaq istəyir. Oxudum və əsəbiləşdim. Əlbəttə, mübarizə aparmaq istədiyim ambisiyalarım, xəyallarım, məqsədlərim olduğunu heç vaxt gizlətməmişəm. Ancaq indi “Legiya”dayam, burada özümü yaxşı hiss edirəm, hər oyunda komanda üçün mübarizə aparacağam. İndi gələcəyi düşünmürəm. Nəinki bir-iki ildən sonra, hətta sabah nə olacağını bilmirəm. Xəyallarımın olması indi harada olduğumu dərk etmədiyim anlamına gəlmir.

- Həssas insana oxşayırsınız...
- Mən də beləyəm, hətta çox düşünürəm. Bəzən göstərmirəm, amma mənə təsir edən çox şey var. Düşünürəm ki, bu xüsusiyyət keçmiş baş məşqçim Qurban Qurbanov tərəfindən məndə inkişaf etdirilib. Onunla görüşməzdən əvvəl tamamilə fərqli, bəlkə də, təkəbbürlü idim. Amma bu adamla keçirdiyim vaxt mənə çox şey öyrətdi. Məsələn, nə qədər yuxarı qalxsan, bir o qədər təvazökar olmalısan. Bu gün “Legiya”da olarkən bunun bəhrəsini görə bilərəm. Düşünürəm ki, digər insanlar da buna bənzər şəkildə yanaşırlar. Çünki təvazökar olduğunuz zaman ətrafınızdakılar sizə fərqli davranırlar. Təkəbbürlü, pis olsanız, hamı bundan istifadə edərək sizi “vuracaq”. Başınızı aşağı salıb, digərləri ilə yaxşı münasibət qurduğunuz zaman insanlar sizə dəstək olacaqlar. Bir futbolçu olaraq dəstəyə ehtiyacınız var.

- Xasiyyətinizi dəyişmək sizin üçün çətin olmadı?
- Məncə, xeyr. Sadəcə, zamanla baş verdi. Ətrafınızdakı insanların davranışlarını müşahidə edirsiniz, yaxşı modellər əldə etməyə çalışırsınız. Ətrafınızda nüfuzlu insanlar olduqda bu daha asandır. Mənim üçün belə bir adam Qurban Qurbanov idi. Ciddi insandır, mənim üçün ata kimidir. Hətta istirahət günlərində nə etdiyimi, kimlərlə görüşdüyümü bilirdi, insanları yaxşı tanıyırdı, kimin kim olduğunu bilirdi. Mənə düz danışmağı öyrədən o idi. Onun məsləhətləri ilə getmək qərarına gəldim və gündən-günə özümü daha xoşbəxt hiss etməyə başladım.

- Keçmiş baş məşqçinizin sizin üçün ata olduğunu qeyd etdiniz. Həm də yaxın vaxtlara qədər formanızda fərqli soyad yazılırdı...
- Ailə vəziyyəti çətin idi, amma indi bunu unutmuşam, mövzu bitib. Hər halda, baş verənlərdən sonra qərara gəldim ki, bundan sonra anamın qızlıq soyadını daşıyım. Hətta məşqçi belə, bu mövzu barədə bir dəfə də danışmadı. Bu mənim seçimim idi, sadəcə lazım olduğunu hiss etdim. Bir neçə səbəbdən bu mövzuda başqa heç nə demək istəmirəm.

- Ailə sizin üçün nə qədər önəmlidir?
- Ailə hər şeydir. Təkcə bu yaşananlara görə yox, ümumiyyətlə, bacımı və anamı çox sevirəm. Başqa cür ola bilməzdi, dünyanın bütün anaları ən yaxşısına layiqdir. Bizə həyat verən onlardır. Bütün dünya sənə nifrət etsə belə, anan sona qədər sevəcək. Hər kəs anasını sevməli və ona qayğı göstərməlidir. Artıq 24 yaşım var, amma anam danışanda həmişə qulaq asıram. Bu həm də gəldiyim cəmiyyətin mentaliteti ilə bağlıdır. Analar bizim müdirlərimizdir (gülür). Onları dinləyirik, qayğı göstəririk və onlar üçün əlimizdən gələni edirik.

- Ananızın futbolu çox yaxşı bildiyini və tənqidçiniz olduğunu söyləyirlər...
- Çox uzağa getmək lazım deyil, “Rakuv”la oyundan dərhal sonra danışdıq. Məndən daha çox qol gözlədiyini, topu çox saxladığımı söylədi. Ən maraqlısı odur ki, məni erkən yaşlarımdan komanda oyununa məcbur edib. Mən də kollektiv oyuna böyük önəm verirəm, bu barədə çox danışırıq. Əslində, həyatda etdiyim hər şeyə görə ona borcluyam. Mən kiçik yaşda olanda Cənubi Koreyada dünya çempionatı keçirilirdi. Bunların heç birini başa düşmürdüm. Amma xatırlayıram ki, üçüncü yeri tutan Türkiyə yığmasının oyunlarında anam necə həyəcanlanırdı. Deyəsən həmin an futbola olan sevgimin başlanğıcı idi.

- Başlanğıcda bu sevginin müsbət və mənfi tərəfləri var idi?
- Hər yay tətilə Zaqataladakı qardaşlarımın yanına gedirdim. Əslində onlar əmioğlanlardır, amma ailə bağlarımız o qədər möhkəmdir ki, hamımız bir-birimizə qardaş kimi yanaşırıq. Məndən böyük idilər, balaca, eyni zamanda etiraf etməliyəm ki, çətin uşaq idim (gülür). Bir şeyi sevmədiyim zaman onun üçün ilk mübarizə aparan özüm olurdum. Bu da çox problemə səbəb olurdu. Şəhər uşağı ilə kənd uşağı arasında qaydalar bir az fərqlidir. Zaqatalada qardaşlarımın məşq etdiyi bir komanda var idi və mən də yay tətilində onlara qoşulurdum. Kimsə mənə ötürmə vermədikdə onu vurmağa başlayardım və sonra dava hazır idi. Ondan sonra mənim və özlərinin problemlərdən uzaq durmağımız üçün məni özləri ilə aparmaq istəmədilər (gülür). Səhər saat 7-də məşqə gedirdilər. O həddə çatırdı ki, bəzən bütün gecəni səhərə qədər yatmırdım, çünki məni oyadıb aparmayacaqlarını bilirdim. Buna görə səhərə qədər gözləyirdim və toplandıqlarını görəndə onlara qoşulurdum. Bir dəfə məni aparmaq istəmədilər, ağladım, nənəmi oyatmağa getdim. Nənəm məşqə getməyim üçün taksi sifariş verdi. Meydana girəndə onların üz ifadələrini gərməliydiniz, mat-məətəl qalmışdılar.

- Kiçik yaşlarınızdan futbolla yaşayırsınız. Düşünmürsünüz ki, bu, hədsiz dərəcədə artıqdır? Çünki “Legiya”nın heyətində Superkubok oyununda penaltini qaçırdıqdan sonra özünüzə gələ bilmirdiniz...
- Bu barədə çox düşündüm. Çox narahat olduğum da doğrudur, ancaq növbəti oyuna qədər. Başqa bir görüş gəlir və yalnız ona köklənirəm. Bədənimin yüz faiz hazır olduğunu hiss etmədiyim zaman qəribə hiss edirəm. Texnika, bacarıqlar qalır, amma yenə də bədənimi hiss etməliyəm. Vaxt lazım olacağını bilirdim. “Dinamo” ilə cavab görüşündə qol vura bilmədim, amma bunun tezliklə olacağını bilirdim. Nəhayət, “Slaviya” ilə matç gəldi, öz-özümə dedim ki, bu həmin andır. Bədən formadadır, beyin tam hazırdır. O görüşdə qol vurdum və həmin vaxtdan işlər yenidən yaxşı getdi.

- “Slaviya” ilə matç həlledici idi?
- Bəli, Praqada vurulan qol mənim üçün çox vacib idi. Mənə çox güvən verdi. Ondan sonra növbəti oyunları qolsuz başa vurduğum zaman artıq üzərimzə heç bir təzyiq hiss etmədim. Bir hücumçu mütləq qol vurmalıdır, amma şansı qaçırmaq pis performans sərgilədiyin demək deyil. Məsələn, “Spartak”la qarşılaşmanı “Legiya”dakı ən yaxşı oyunlarımdan biri hesab edirəm. Qol vurmasam da, məşqçimin və komanda yoldaşlarımın gözlədiyi hər şeyi etdim.