19:33 02-10-2021
news_image
129
FUTBOL

Ramin Quliyevin bəhanəsi: “Hakimin etdikləri birbaşa qərəzdir”

“3-cü dəqiqədə buraxdığımız qoldan sonra oyunda dominant tərəf idik. İkinci qol başadüşüləndir”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının VI turunda “Keşlə” ilə oyun haqda danışarkən deyib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında çalışdırıcı komandasının 0:2 hesablı məğlubiyyətini dəyərləndirib. O, məğlubiyyətin səbəbini baş hakimdə görüb: “Hücumlarımızda sonluq çatmırdı. Deyiləsi bir söz yoxdur. Futbolda belə şeylərin tez-tez təkrarlanması mənə çatmır. Biri var oynamırsan, məğlub olursan, bu, anlaşılandır. Oynayıb uduzmağı başa düşə bilmirəm. Hakimliklə bağlı danışmaq istəyirəm. İlk turda “Səbail”lə matçda da hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”la qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi. Ancaq son dəqiqələrdə sarı vərəqə verdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, təmiz penalti idi. Nə olmalıdır ki, rəqib qapısına penalti verilsin?”

- Konkret “Sabah”a qarşı qərəz var, yoxsa Azərbaycan hakimliyinin səviyyəsi budur?
- Bir dəfə də bizim epizodu görsünlər. Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdir.

- Qapıya gedən zərbənizi müşahidə etmədik...
- Zərbələr var, sadəcə dəqiqlik çatışmır. 90 dəqiqə oynayırsan, amma sonluq olmur.

- Klub rəhbərliyi ilə danışığınız olub? Fasilədən sonra sizi “Sabah”ın baş məşqçisi kimi görəcəyik?
- Bu sual keçən dəfə də verilmişdi. Ətraflı danışacağıq. İstefadan çəkinmirəm və qorxmuram.

- Dominantlıq edirsiz, amma qol vurmaq mümkün olur. Böhrandan çıxış planınız nədir?
- Hər oyunda yaxşı çıxış edirik. Böhrandan çıxış məşqlərdə daha çox işləməkdir.

- Heyətdə radikal dəyişiklik edə bilərsizmi?
- Görünən heyətimiz budur. Kənarda qalan bircə Zurab Oçiqava və Xuan Kamaradır. Kamara böyük ümidlərlə gətirilib. Onun yoxluğu epizodlarda özünü göstərirdi. Sportal.az