21:47 02-10-2021
news_image
107
FUTBOL

Aftandil Hacıyev: “Neftçi”nin qapısında bu qədər qol epizodu yaradan ikinci komanda yoxdur”

“Oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşmışdıq. Rahid Əmirquliyevin rekord vurması hamımızı sevindirirdi. Rəqib bizi topa sahib olmada üstələdi. Buraxdığımız kuryoz qoldan sonra oyunçularda inamsızlıq yarandı”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.

“ASCO Arena”da rəqibini qəbul edən “Səbail” 1:3 hesablı məğlubiyyətə üzülüb. Oyunsonrası mətbuat konfransında Hacıyev ardıcıl neçə oyundur ki, ilk qolu qapılarında gördüklərini bildirib: "Belə olan halda yenidən toparlanmaq çətindir. Fasiləyə yaxın ikinci qolu buraxdıq. Məndə inam var idi ki, rəqibin qapısında bir neçə qol epizodu yarada biləcəyik. 0:3 geridə olsaq da, son dəqiqədə bir qol vura bildik. "Neftçi"yə qarşı oyunda geridönüş etmək çətindir. Sadəcə, meydanda keyfiyyətdə fərq var idi. Bəlkə də, cari mövsüm "Neftçi"nin qapısında bu qədər qol epizodu yaradan ikinci komanda yoxdur. Rəqibə uğurlar arzulayıram, layiqli qələbə qazandı". 

40 yaşlı çalışdırıcı özlərini autsayder saymadıqlarını sözlərinə əlavə edib: "Rəqiblərin imkanları ilə müqayisə aparsaq, autsayderik. Biz hələ çox xallar qazanacağıq. Bu komandanın potensialı var. Heyətə gec qoşulan legionerlər oldu. Bəziləri bizimlə təlim-məşq toplanışına belə qatılmayıb. Legionerlərdən faydalanmaq üçün bizə vaxt lazımdır. Futbolçular üçün də çətindir, fərqli ölkəyə gəliblər. Onlara uyğunlaşmaq üçün vaxt lazım olacaq".