21:31 03-10-2021
news_image
135
FUTBOL

Qurban Qurbanov: “Qəbələ” boşuna ilk sırada deyildi”

“Futbolçularımı təbrik edirəm. Bu qələbəni haqq etdilər. Çox istəkli idilər. Meydanda ən yaxşısını etdilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə keçirilən oyun barədə danışarkən deyib.

“Azersun Arena”da rəqibi üzərində 2:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Lider komandalardan birinə qarşı çıxış etdik. Oyunlarını gördükdən sonra əmin olduq ki, “Qəbələ” boşuna ilk sırada deyildi. Çox yaxşı komandaya qarşı oynadıq. Maraqlı görüşün şahidi olduq. Hər iki komanda sürətli, tez hücumlar qururdu. Futbolçularımdan razı qaldım”.

Çalışdırıcı qələbədə ustalıq səviyyəsinin həlledici ola biləcəyini istisna etməyib: “Hər kollektivin öz üstünlüyü var. Xüsusilə ikinci hissədə meydana çıxan Filip Ozobiçlə Abdullah Zubir oyunu tam ələ ala bildilər. Rəqibin heyətində də yaxşı futbolçular var. Bəlkə də, təcrübə hansısa anda köməyimizə çatdı”. Sportal.az