10:00 04-10-2021
news_image
372
FUTBOL

Mahir Emreli: “Polşada bombardirlik Azərbaycandakından çətin olacaq” - MÜSAHİBƏ

“Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli Polşa mətbuatına növbəti müsahibəsini verib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard “Lexiya”ya məğlubiyyətin səbəbləri barədə danışıb.

- Polşa çempionatının X turunda səfərdə “Lexiya”ya 1:3 hesabı ilə məğlub oldunuz. Sizcə, yenilgiyə nə səbəb oldu?
- Yüksək liqa çox tələbkar olduğu üçün keyfiyyətə ehtiyac var. Döyüşmədən, qaçmadan uğur qazanmaq çətindir. Bütün komandalar müdafiə olunmağı, hücum etməyi bacarır. Üç xal qazanmaq üçün, həqiqətən də, çox səy göstərməlisiniz. Düşünürəm ki, burada ən vacib məqam sona qədər çalışmaq və mübarizə aparmaqdır. Bəzən hətta döyüşkən ruh olmayanda keyfiyyət də kömək etmir.

- Performansınız necə idi?
- Bunu izah etmək çətindir. Baş verənlərə üzülürəm və qəzəblənirəm. Ancaq indi bu oyun haqda çox danışmaq istəmirəm. Oturub səhvlərimizi təhlil etməli və işləməyə davam etməliyik. Bu belədir. Başqa heç nə deyə bilmərəm.

- Digər turnirlərdə və liqada fərqli çıxış etməyinizi necə izah edə bilərsiniz?
- Doğrudan da, matç zamanı bu barədə düşünürdüm. “Lester”lə mövsümün əvvəlindən bəri ən yaxşı oyunlardan birini göstərdik, ancaq indi pis çıxış etdik. Matçımızı təkrar izləmədiyim üçün heç nə deyə bilmərəm. Meydanda hər şey fərqli  görünür. Mənə elə gəlir ki, hər iki oyunu izləməli və təhlil etməliyik. Mən məyusam. Uduzduq, liqada yaxşı vəziyyətdə deyilik.

- Çempionatda az oyun vaxtı əldə etməyiniz üç gündən bir çıxış etməyə fiziki cəhətdən hazır olmamağınızdan qaynaqlanır?
- Bu barədə danışmamışıq. Düşünürəm ki, bu sual məşqçiyə verilməlidir. Məşqçi məndən hansı formada olduğumu və ümumi durumumu soruşdu. “Lester”lə qarşılaşmada hamı çox çalışdı. Mən də əlimdən gələni etdim və hələ də sümüklərimdə ağrı hiss edirəm. Amma yenə də baş məşqçinin qərarıdır. Bəzən məni ilk “11-lik”də meydana buraxacaq, bəzən yox. Sualınızın düzgün cavabını da o verər.

- Həm Avropa Liqası, həm də çempionatdakı intensivliyə hazırsınız?
- Özümü yaxşı hiss edirəm. Məşqçi oyundan əvvəl məndən soruşdu, özümü bir az yaxşı hiss etmədiyimi dedim. Amma yaxşı təsir bağışladığım matçlar da var. Bir az yorğunluq var idi, çünki bundan əvvəl biz də hər üç gündən bir çıxış edirdik. Üstəlik, Polşa kubokunda da bir görüş keçirmişdik. Ən azı mənim üçün çox uzun yol idi. Bu, yalnız məşq və ya matçlarla bağlı deyil. Bəzən oyunlara gedib-qayıtmaq üçün çox yol qət etməli oluruq. Bu da insanı yorur. Təbii ki, bu bir bəhanə deyil. Məşqçi nə vaxt heyətə daxil etsə, yüz faiz gücümüzlə oynamalıyıq.

- Razısınız ki, burada bombardir olmaq Azərbaycandakından çətin olacaq?
- Bəli, mən də belə düşünürəm. Daha çətin olacaq. Liqanın səviyyəsi burada daha yüksəkdir və hər matç bir maneədir. Amma ilk növbədə fərdi titullar haqda düşünmürəm. Yalnız komandanın birinci yeri tutması barədə fikirləşirəm. Bombardir titulunu qazansam əyləncəli olar. Lakin Polşa çempionluğunu qazanmaq daha vacibdir. Əgər bunu bacarmasaq, bombardir olmağın bir mənası yoxdur.