14:40 04-10-2021
news_image
135
FUTBOL

Abanq və Qudiabi yerini “möhkəmlədir”

Azərbaycan I Divizionunda bu gün III tura yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin ikinci komandasını qəbul edəcək “Keşlə-2” yenə əcnəbi futbolçularının xidmətindən yararlanacaq.

Premyer Liqanın III turunda qırmızı vərəqə alan Anatole Abanq cəzasını əvəzedicilərdə gənclərdən birinin yerini tutmaqla çəkir. Kamerunlu forvard bu gün yenə ikinci komandanın qol ümidi olacaq.

Onunla yanaşı, baş məşqçi Sənan Qurbanovun qəzəbinə tuş gələn Omar Qudiabi də “Qəbələ-2” ilə matçda start heyətində meydana çıxıcaq. Mövsümün ilk turlarındakı zəif çıxışından şikayətlənən Qurbanov seneqallı yarımmüdafiəçini artıq əsas komandanın ən yaxşı halda ehtiyatında saxlayır.

Abanqın Premyer Liqada cəzası artıq başa çatıb. Lakin futbolçunun əvəzedici heyətdə yerinin möhkəmləndiyini nəzərə alsaq, məşqçilər korpusu onu, eləcə də Sənan Qurbanova lazım olmayan Qudiabini elə ikinci komandada saxlaya bilər.

Qeyd edək ki, “Keşlə-2” – “Qəbələ-2” görüşü saat 15:00-da başlayacaq.