16:54 05-10-2021
news_image

Abubakr Abakarov: “Bürünc medalı qızılla əvəzləməyə çalışacağam”

“2018-ci ildə Budapeştdə keçirilən mundialda 74 kq-da debüt etmişdim. Həmin yarışda medal qazana bilməsəm də, bu dəfə 86 kq-da fəxri kürsüyə qalxdım”.

Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Abubakr Abakarov deyib.

Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verən idmançı Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qazandığı bürünc medalı dəyərləndirib.

O, buna görə şad olduğunu söyləyib. Abakarov yarımfinalda məğlub olduğu rəqibi haqda da danışıb: “Millinin heyətində böyüklərin dünya çempionatında daha öncə iştirak etmiş güləşçi yalnız mən idim. Heyətimiz əsasən perspektivli gənc güləşçilərdən qurulub. Medalsız qalan güləşçilər ruhdan düşməməlidir. İnşallah, növbəti dünya çempionatında medal qazanarlar. Yarımfinalda Deyvid Teylora uduzdum. Onunla heç vaxt qarşılaşmamışdım. Teylor olimpiya çempionu və bu çəkinin liderlərindən biridir. Onunla güləşmək mənim üçün böyük təcrübə oldu. Çalışacağam ki, növbəti dəfə bürünc medalı qızılla əvəzləyim”.

Güləşçi əsas hədəflərinin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu da gizlətməyib: “Bu yarışa hazırlaşmaq üçün bir neçə təlim-məşq toplanışı keçmişdik. Bunun üçün bizə bütün şəraiti yaradan federasiyaya və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Azarkeşlərimizə də təşəkkür edirəm. Əsas hədəf sözsüz ki, Paris-2024 Olimpiadasıdır. Gənclərdən qurulmuş heyətimizlə Olimpiya Oyunlarına 100 faiz hazır olmalıyıq”.