09:33 06-10-2021
news_image
185
FUTBOL

Canni de Byazi: “Birdən çox futbolçumuz sadə səhvlərə yol verdi”

“İrlandiyaya qarşı Dublində, xüsusən də, birinci hissədə yaxşı oyun sərgilədik. İkinci yarıda matçı idarə etməkdə çətinlik çəkdik və evə üç xalla dönə bilmədik. Bu da bizim üçün inanılmazdır”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində ötən ay İrlandiya ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

Britaniya mətbuatına müsahibəsində həmin görüşün nəticəsini ədalətli sayan italiyalı mütəxəssis rəqib barədə də müsbət fikirlər səsləndirib: “İrlandiyanın qol vurduğu epizodda daha yaxşı ola bilərdik. Birdən çox oyunçumuz sadə səhvlərə yol verdi. Ümumiyyətlə, heç-heçənin ən ədalətli nəticə olduğunu düşünürəm. İrlandiya qapıçıdan başlayaraq geridən oynamağa çalışan komandadır. Həm texniki, həm də fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Amma görünür hələ də tarazlığı tapmayıb”.

De Byazi növbəti turda Bakıda qəbul edəcəyimiz İrlandiya yığmasının zəif nəticələrini yeni kollektiv formalaşdırması ilə əlaqələndirib: “Tələsik nəticə əldə etmək istəyi həmişə reallıqla uyğunlaşmır. Oyun tərzinizi dəyişdirmək və yeni kollektiv qurmaq istədiyiniz zaman bunu həyata keçirmək asan olmur. Birincisi, eyni klubda oynayan futbolçuların azlığı və onlarla çox vaxtınız olmamasını vurğulamaq olar. Məqsədinizə sadiq qalmağa çalışarkən məhdud vaxtı optimallaşdırmalısınız”.

Qeyd edək ki, Azərbaycan – İrlandiya oyunu oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək.