10:15 06-10-2021
news_image
414
FUTBOL

Canni de Byazi: “Azərbaycan futbolu qapalı dünyadır”

“Ötən ilin iyulunda Bakıya köçmək şansı yarandı. Azərbaycanı seçdim, çünki Albaniyada yaşadığım vəziyyətə bənzər bir işi yenidən görmək istədim”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Britaniya mətbuatına müsahibəsində deyib.

İtaliyalı çalışdırıcı ötən il AFFA-nın təklifini qəbul etməsinin səbəblərini izah edib: “Azərbaycan Albaniyada yaşadıqlarımla az-çox eyni olan başlanğıcdır. Məqsəd zamanla davam edə biləcək bir heyət qurmaqdır. Yaxşı qurulmuş, yüksək keyfiyyətli infrastruktura malik və inkişaf etmək istəyi olan bir futbol assosiasiyası tapdım. Bura gəlməyimə və 110 faiz gücümü sərf etməyə çalışmağıma stimul verən də budur”.

65 yaşlı mütəxəssis Bakıda yaşamaqdan zövq aldığını vurğulayıb: “Xəzərin sahilində gözəl bir şəhər olan Bakıda həyat yaxşıdır. Eyni zamanda möhtəşəm şəkildə qorunan köhnə tarixli və UNESCO-nun irs siyahısına salınmış şəhərdir. Ölkə çempionatının, demək olar ki, bütün oyunları burada keçirilir. Çünki paytaxtdan kənarda yerləşən yalnız iki klub var. Azərbaycan Premyer Liqasında cəmi 8 klub mövcuddur və əksəriyyətinin heyətinin böyük hissəsi əcnəbi futbolçudan ibarətdir. Bu da seçim etmək üçün məhdud imkan verir. Burada asan deyil. Çünki Azərbaycan futbolu hələ də qapalı dünyadır, bir neçə oyunçu xaricdə oynamağa yeni başlayıb. Bu baxımdan daha çox futbolçunun xaricə yollanmaq və beynəlxalq təcrübə toplamaq şansına sahib olacağına ümid edirik”.

De Byazi DÇ-2022-nin seçmə mərhələsinin qalan oyunlarında uğurlu çıxış edəcəklərini sözlərinə əlavə edib: “Qalan matçlarda xallar qazanmaq istəyirik. Kağız üzərində daha güclü rəqiblərimiz olduğundan, asan keçməyəcək. Amma futbol, ümumiyyətlə, buna çox fikir vermir. Daha çox qələbə qazanmaq istəyən, qətiyyətli olan və yaxşı təşkilatlanan bəzən aşağı keyfiyyətdə olsa belə, mümkünsüz görünən matçlarda qələbə qazana bilir”.

Qrupu da dəyərləndirən təcrübəli çalışdırıcı millimizin yaxşı gələcəyi olduğunu düşünür: “Azərbaycan millisinin böyüyəcəyinə, daha maraqlı və yaxşı gələcəyi olacağına inanıram. Başlanğıcda hamı kimi, bizim də böyük xəyallarımız və gözəl planlarımız var. O zaman reallığa uyğunlaşmalısınız. Hazırda həm Portuqaliya, həm də Serbiyanın texniki dəyərlərinin bizdən üstün olduğunu nəzərə alsaq, çətin qrupdayıq. İngiltərə çempionatında çıxış edən oyunçulara malik İrlandiya ilə bağlı da vəziyyət eynidir. Həmçinin 12 ildir eyni baş məşqçi ilə layihəsini davam etdirən Lüksemburq da var”.