11:10 06-10-2021
news_image
1928
FUTBOL

Avropanın məğlubedilməz 4 klubu: biri “Qarabağ”dır

Avropada cari mövsüm məğlubiyyətsiz yoluna davam edən klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “köhnə dünya”da cəmi 4 komandanın biləyi bükülməyib ki, onlardan biri də Azərbaycan təmsilçisidir.

Söhbət Premyer Liqanın lideri və Konfrans Liqasında yer aldığı qrupun birinci pilləsində qərarlaşan “Qarabağ”dan gedir. Qurban Qurbanovun yetirmələri bu iki turnirdə ümumilikdə 14 matçda iştirak edib. Ağdamlılar bunun 9-da qələbə qazanıb, 5 dəfə isə heç-heçə ilə kifayətlənib.

Bu mövsüm uduzmayan komandalardan ən az oyun keçirən “Liverpul”dur. “Böyük beşliy”in məğlubedilməz yeganə klubu olan “qırmızılar” Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasında (ÇL) ümumilikdə 10 matçda iştirak edib, cəmi 3 dəfə bərabərə qalıb. Yurgen Kloppun komandası 7 görüşdə rəqibini üstələyib.

Yunanıstan çempionu “Olimpiakos” “Qarabağ”la eyni sayda – 14 oyun keçirib. Mövsümə Çempionlar Liqasının təsnifat mərhələsində “Neftçi” üzərində iki qələbə ilə başlayan pireylilər həm bu turnirdə, həm Avropa Liqasında, həm ölkə çempionatında, həm də kubokunda keçirdiyi oyunların 8-də qələbə qazanıb, 6-da heç-heçə edib. “Olimpiakos” ÇL-in təsnifat mərhələsində “Ludoqorets”ə oyunsonrası penaltilər seriyasında yenildiyindən, həmin məğlubiyyət hesaba alınmayıb.

Bu mövsüm ən çox görüşdə iştirak edib uduzmayan komanda “Zalsburq”dur. Avstriya klubu ölkə çempionatı, kuboku və Çempionlar Liqasında ümumilikdə 16 dəfə meydana çıxıb. 15 qarşılaşmadan qalib ayrılan “Zalsburq” cəmi 1 matçda heç-heçə ilə barışmalı olub.

Qeyd edək ki, ötən həftəsonu “Bavariya”, “Sevilya”, “Benfika” məğlub olaraq uğurlu seriyasını dayandırıb.