14:48 06-10-2021
news_image
98
FUTBOL

Serbiyalı futbolçu: “Azərbaycanı məğlub etmək çox vacibdir”

“Püşkatma bizi tez-tez portuqaliyalılara rəqib edir. Onlarla görüşmək artıq darıxdırıcı hal alıb”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının sabiq futbolçusu Antonio Rukavina komandasının DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

Hazırda “Astana”da çıxış edən 37 yaşlı sağ cinah müdafiəçisi serblərin final mərhələsinə vəsiqə şansının az olmadığını düşünür. O, bunun üçün ilk növbəti Lüksemburq və Azərbaycan üzərində qələbənin əhəmiyyətindən bəhs edib: “Yığmamız əla formadadır. Bu səbəbdən Lüksemburq və Azərbaycanla oyunlarda büdrəyəcəyini düşünmürəm. Hətta komandamızın Dublində İrlandiya heç-heçə etməsi də süpriz kimi qələmə verildi. Kağız üzərində daha güclü olduğumuz rəqibləri məğlub etməklə yanaşı, vacib görüşlərdə də uduzmamaq lazımdır. Bu mənada Lüksemburq və Azərbaycanı məğlub etmək Lissabona yaxşı əhval-ruhiyyədə yollanmaq üçün çox vacibdir”.

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya yığması üç gün sonra Belqradda millimizi qəbul edəcək.