15:32 06-10-2021
news_image
199
FUTBOL

Millimizdə narazılıq: Futbolçular baş məşqçiyə salam da vermir

Azərbaycan millisi oktyabrın 4-dən İrlandiya və Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunlarının hazırlığına başlayıb.

Apasport.az xəbər verir ki, Mərdəkanda yerləşən təlim-məşq bazasında məskunlaşan yığma hazırlıqlarını da elə “Dalğa Arena”da keçir.

Komanda İrlandiya ilə oktyabrın 9-da Bakıda, Serbiya ilə oktyabrın 12-də Belqradda üz-üzə gələcək. Bu qarşılaşmalar öncəsi düşərgədə vəziyyət o qədər də ürəkaçan deyil. Hər halda komandadan gələn xəbərlər düşündürücüdür: baş məşqçi ilə futbolçular arasında münasibətlər soyuqdur.

Bəzi oyunçular hətta Canni de Byaziyə salam belə, vermək istəmir. Bu da italiyalı çalışdırıcının əvvəlki toplanışlar zamanı onların ünvanına söylədiyi istehzalı fikirlərə görədir. 65 yaşlı mütəxəssis özünə qarşı münasibətin dəyişməsinin fərqindədir.

Nəinki ehtiyatda qalanlar, hətta daim şans qazananlar da de Byazinin heyət seçimindən narazıdır. Bu haqda söhəbətlər, demək olar ki, hər gün kollektiv daxilində gedir. İtalyan sükançının gündəlik keçdiyi hazırlıq prosesinə yanaşma da birmənalı deyil. Onun fiziki çalışmalara üstünlük verməsi futbolçularda hiddət doğurub. Çünki de Byazi topla məşqlərə az diqqət ayırır, əvəzində onları ağır fiziki tapşırıqlarla “yükləyir”. AFFA rəsmilərinə bununla bağlı narazılığın ardı-arası indi də kəsilmir.

Komanda üzvləri hesab edir ki, baş məşqçi heyət və əvəzləmələrlə bağlı qərarları təkbaşına vermir, federasiya mənsubları ilə məsləhətləşir. Sportinfo.az